Müasir Azərbaycan memarlığının təşəkkülü və inkişafında xüsusi rolu olan, bu sahədə yüksəkixtisaslı kadrların hazırlanmasında xidmətlər göstərən sənətkarlar arasında Ənvər Qasımzadənin adı hörmətlə çəkilir.
   Görkəmli memar, ictimai xadim, Əməkdar inşaatçı Ənvər Əli bəy oğlu Qasımzadə 12 fevral 1912-ci ildə Salyan şəhərində dünyaya göz açıb. Atası Əli bəy Azərbaycanda rus dili və ədəbiyyatı üzrə ilk müəllimlərdən olub, maarif və mədəniyyətə böyük maraq göstərib. Övladlarını da bu ruhda tərbiyə edib. O, həmçinin 1919-cu ildə əsası qoyulan Bakı Dövlət Universitetinin təşkilatçılarından biridir. Onu da qeyd edək ki, Əli bəy Qasımovun böyük rus ədibi Lev Tolstoyla maraqlı yazışması olub. Bir neçə dəfə Yasnaya Polyanada yazıçı ilə görüşüb.
   Ənvər Qasımzadə orta təhsilini Bakı Müəllimlər Seminariyasının nümunəvi məktəbində alır. Sonra N.Nərimanov adına Azərbaycan Sənaye Texnikumunun İnşaat şöbəsində oxuyur. Təhsilini başa vurur və göndərişlə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna daxil olur. 1936-cı ildə mühəndis-memar ixtisası üzrə ali təhsilini başa vurur. 
   Ə.Qasımzadə hələ tələbə ikən, 1934-cü ildən “Azərdövlətlayihə” təşkilatında çalışır, eyni zamanda Bakı İnşaat Texnikumunda dərs deyir. 1941-ci ildə texnikumun direktoru təyin edilir. Bir müddət sonra könüllü zabit hazırlığı kursuna yazılır. 1942-ci ilin aprelində Böyük Vətən müharibəsinə yollanır və Terek sahillərindən Berlinə qədər döyüş yolu keçir. Sinəsini “Qırmızı bayraq”, “Qırmızı ulduz”, I və II dərəcəli “Böyük Vətən müharibəsi” orden və medalları bəzəyir.
   1946-cı ilin iyununda Azərbaycan hökumətinin müraciəti ilə hərbi xidmətdən geri çağırılır və respublika Nazirlər Sovetinin Memarlıq işləri üzrə idarəsinin rəisi təyin edilir. Daha sonra Bakı Şəhər Soveti İcraiyyə Komitəsi sədrinin müavini, Dövlət Tikinti Komitəsinin sədri, Dövlət Plan Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışır.
   Bu illər ərzində Ə.Qasımzadə Azərbaycanda inşaatın yüksək sənaye səviyyəsinə qaldırılması, milli memarlıq sənətinin inkişafı sahəsində böyük işlər görür, memarlıqda tarixi irsin, milli çalarlar və ornamentlərin geniş tətbiq olunması üçün səylər göstərir.
   Ə.Qasımzadə 1959-cu ildə Azərbaycan Memarlar İttifaqına rəhbər, 1962-ci ildə isə Azərbaycan Politexnik İnstitutuna rektor təyin olunur. Onun rektorluğu dövründə yeni fakültələr açılır, institutun Gəncə şəhərində filialı fəaliyyətə başlayır. Filialda avtomatika, sintetik materialların texnologiyası, metallurgiya və poliqrafiya fakültələri təşkil edilir.
   Təşkilati işlərlə yanaşı, elmi tədqiqatla da məşğul olan Ə.Qasımzadə 1964-cü ildə memarlıq doktoru alimlik dərəcəsi alır, 1966-cı ildə professor, 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilir. O, 60-dan çox elmi məqalənin və 7 monoqrafiyanın müəllifi olub.
   Görkəmli memarın layihələri əsasında Bakı, Gəncə, Daşkəsən və Xankəndidə onlarla yaşayış evi və ictimai binalar ucaldılıb. Bakıda İnşaatçılar prospektlərindəki binalar, Dövlət Gömrük Komitəsi və Maliyyə Nazirliyinin inzibatı binaları, Bakıxanov küçəsindəki Azərbaycan Tibb Universitetinin əsas korpusları, metronun “Ulduz” stansiyası və s. onun layihələri əsasında inşa edilib. 
   Memar bir neçə çağırış Bakı Şəhər Sovetinə və Azərbaycan SSR Ali Sovetinə deputat, Azərbaycan KP Mərkəzi Komitəsinə üzv seçilib.
   Ənvər Qasımzadə 1969-cu ildə, 57 yaşında vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
   
   Savalan Fərəcov