30 iyun Mirzə Fətəli Axundzadənin doğum günüdür
   
   Azərbaycan ədəbiyyatı, mədəniyyəti və maarifçiliyinin inkişafında Mirzə Fətəli Axundzadənin müstəsna xidmətləri var. Onun ictimai fəaliyyəti və yaradıcılığı xalqımızın etnik-mədəni sistemində ayrıca mərhələ təşkil edir. Mirzə Fətəli təkcə milli dramaturgiyanın banisi deyil, o eyni zamanda milli mətbuatın və peşəkar teatrın yaranmasına ciddi təkan verən görkəmli maarifçi mütəfəkkirdir. 
   Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundzadə (Axundov) 1812-ci il iyun ayının 30-da Nuxada (indiki Şəki şəhəri) anadan olmuşdur. 1814-cü ildə ailəsi Təbriz şəhərinin yaxınlığındakı Xamnə qəsəbəsinə köçmüşdür. 1821-ci ildə anası Nanə xanım Fətəlinin atası Mirzə Məhəmmədtağıdan ayrılmış və əmisi Axund Hacı Ələsgərin yanına, Qaradağın Horanid kəndinə (Cənubi Azərbaycan), 1825-ci ildə isə Şəkiyə köçmüşdür. Fətəlinin ruhani olmasını istəyən Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparmış, o, burada məntiq və fiqh (şəriət) elmlərinə, habelə görkəmli şair və mütəfəkkir Mirzə Şəfi Vazehin yanında xəttatlıq sənətinə yiyələnmişdir. Dövrünün müasir elmləri ilə maraqlanan Mirzə Fətəli 1833-cü ildə Şəkidə açılmış Rus-tatar məktəbinə daxil olmuş, bir il təhsil aldıqdan sonra Tiflis şəhərinə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri tərcüməçisi təyin olunmuşdur. O, ömrünün sonunadək burada əvvəl mülki, sonralar hərbi işlər üzrə mütərcim vəzifəsində çalışmışdır.
   M.F.Axundzadə bədii yaradıcılığa 1837-ci ildə fars dilində qələmə aldığı “Puşkinin ölümünə Şərq poeması” ilə başlamışdır. 1850-1855-ci illərdə özünün məşhur altı komediyasını (“Hekayəti-Molla İbrahimxəlil kimyagər”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Hekayəti-xırs-quldurbasan”, “Hacı Qara”, “Mürafiə vəkillərinin hekayəti”) yaratmaqla nəinki Azərbaycan ədəbiyyatında, eləcə də Şərq dünyasında dramaturgiyanın əsasını qoymuşdur. Müəllifin “Aldanmış kəvakib” povesti və dram əsərləri “Təmsilat” adı ilə 1859-cu ildə Tiflisdə nəşr edilmişdir.
   1873-cü il mart ayının 10-da Bakıda böyük maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü, dramaturq Nəcəf bəy Vəzirov və aktyor Əsgər ağa Adıgözəlovun (Gorani) fəal iştirakı ilə Bakıda “Realnı” məktəbin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası tamaşaya qoyuldu. Bu tamaşa ilə Azərbaycan professional milli teatrı yaranmış oldu. Bir əsrdən çoxdur ki, dramaturqun pyesləri Azərbaycan teatrlarının səhnələrini bəzəyir. 
   Görkəmli maarif xadiminin Azərbaycanda əlifba islahatının aparılması sahəsində də fəaliyyəti təqdirəlayiqdir. O, ərəb qrafikalı Azərbaycan əlifbasının çətinliklərini nəzərə alaraq yeni latın qrafikasında əlifba tərtib etmiş və ömrünün sonuna kimi bu əlifbanın qəbul edilməsi uğrunda mübarizə aparmışdır.
   M.F.Axundzadə 1878-ci il fevral ayının 26-da (yeni təqvimlə 10 mart) ürək xəstəliyindən vəfat etmiş və Tiflisdə müəllimi M.Ş.Vazehin yanında dəfn olunmuşdur. 
   M.F.Axundzadənin xatirəsinin əbədiləşdirilməsi məqsədilə 1930-cu ildə paytaxtımızda bağ salınmış və heykəli qoyulmuşdur.
   1939-cu ildə Azərbaycan Dövlət Kitabxanasına (indiki Azərbaycan Milli Kitabxanası) dramaturqun adı verilmiş, 1962-ci ildə orada heykəltəraş İ.Zeynalovun hazırladığı büstü qoyulmuşdur. 1940-cı ildə isə Şəkidə görkəmli mütəfəkkirin ev-muzeyi yaradılmışdır. 1983-cü ildə Tiflisdə M.F.Axundzadənin ev-muzeyi və Azərbaycan Mədəniyyət Mərkəzi açılmışdır. 
   2010-cu il aprel ayının 13-də Prezident İlham Əliyev M.F.Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. 2011-ci ildə Azərbaycanın Gürcüstandakı səfirliyinin və Tbilisi Şəhər Bələdiyyəsinin təşəbbüsü ilə paytaxtda onun adını daşıyan 73 saylı orta məktəbin binası qarşısında büstü qoyulmuşdur.
   2012-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında M.F.Axundzadə haqqında bioqrafik bədii film çəkilmişdir. “Sübhün səfiri” adlanan film mütəfəkkir ədibin 200 illik yubileyi münasibətilə ərsəyə gəlmişdir.
   Mirzə Fətəli Axundzadənin parlaq fəaliyyəti, zəngin ədəbi-publisistik irsi əsrlər ötdükcə dəyəri artan milli mədəni mirasdır. Onun xalqımızın yoluna saldığı maarif ziyası əbədi olaraq inkişafımıza xidmət edəcək.