İyulun 14-dən 16-dək İngiltərədə Suonec Caz Festivalı (Swanage Jazz Festival) keçiriləcək.
   Həmvətənimiz - məşhur bəstəkar-pianoçu Əminə Fiqarova və qrupu iyulun 15-də caz festivalında çıxış edəcək. Bu barədə məlumat festivalın və musiqiçinin saytlarında yer alıb.
   Əminə Fiqarova özünü Avropada və ABŞ-da tanıtmış azərbaycanlı caz musiqiçisidir. Onun pianoçu kimi özünəməxsus ifa üslubu var. Yaratdığı “Sekstet” qrupu caz musiqisinin təbliği ilə yanaşı, öz rəhbərinin yeni üslubunun carçısıdır. Həmvətənimiz çoxsaylı festivallarda Uinton Marsalis, Herbi Henkok, Deyv Holland, Terens Blançard və digər tanınmış ifaçılarla çıxış edib.
   Əminə Fiqarova və qrupunun indiyədək 13 albomu işıq üzü görüb.