İyulun 3-də İranda Azərbaycan mədəniyyəti günləri başlayıb. İki ölkə arasında mədəni əməkdaşlığın inkişafı, Azərbaycan mədəniyyəti və incəsənətinin, turizm potensialının təbliği, eyni zamanda ölkəmizin beynəlxalq aləmdəki müsbət imicinin daha da yüksəldilməsi məqsədilə təşkil olunan mədəniyyət günlərinin zəngin proqramı var.
   İyulun 4-də mədəniyyəti günləri çərçivəsində Tehrandakı İran İncəsənət Akademiyasında ölkəmizin tarixini və müasir dövrünü əks etdirən “Azərbaycan: dünən, bu gün, sabah” adlı fotosərgi açılıb.
   Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İranın mədəniyyət və islami irşad nazirinin müavini Əli Muradxani, akademiyanın rektoru, tanınmış bəstəkar, şair və rəssam Əli Müəllimi, incəsənət xadimləri, Tehran şəhər ictimaiyyəti, İranda yaşayan soydaşlarımız iştirak edib.
   Nazir Əbülfəs Qarayev diqqətə çatdırıb ki, sərgidə Azərbaycanın tarixi, mədəniyyəti, müasir görkəmi, füsunkar təbiəti, tolerantlığı, islam dəyərləri, azsaylı xalqların məskunlaşdığı bölgələrimizdən bəhs edən 250-dən çox foto nümayiş olunur. Fotoların müəllifi azərbaycanlı fotoqraflardır. Sərginin keçirilməsində məqsəd Azərbaycanın müasir simasını, qədim və tarix dolu zənginliyini dünya ictimaiyyətinə çatdırmaqdır. 
   “Azərbaycan: dünən, bu gün, sabah” fotosərgisi ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
   İranda Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılış mərasimi isə iyulun 4-də Tehranın “Vəhdət” sarayında keçirilib. Tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İranın mədəniyyət və islami irşad naziri Salehi Əmiri, Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahim Türkmən çıxış ediblər. 
   Mərasimin rəsmi hissəsindən sonra Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor - Ağaverdi Paşayev) və solistlərin iştirakı ilə iki ölkə bəstəkarlarının əsərlərindən ibarət qala-konsert olub.
   İyulun 4-də həmçinin Ərəsbaran Mədəniyyət mərkəzində Azərbaycan filmlərinin nümayişi başlanıb. Proqrama “Buta” (quruluşçu rejissor İlqar Nəcəf), “Çölçü” (Şamil Əliyev), “Nabat” (Elçin Musaoğlu), “Yarımçıq xatirələr” (Elxan Cəfərov), “Dərs” (Rafiq Əliyev, Cavid Təvəkkül) bədii filmləri daxildir. 
   Bundan əlavə, Tehrandakı “Hünər” sarayında Azərbaycan Dövlət Musiqili Teatrının Üzeyir Hacıbəylinin “Ər və arvad” musiqili komediyası əsasında hazırladığı eyniadlı tamaşanın (quruluşçu rejissor - Yusif Əkbərov) nümayişi də nəzərdə tutulur. 
   İyulun 5-dən mədəniyyət günləri İsfahan şəhərində də davam edəcək. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin və iranlı musiqiçilərin iştirakı ilə burada konsert proqramı keçiriləcək. İranda Azərbaycan mədəniyyəti günləri iyulun 8-də başa çatacaq.