İyunun 30-da Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən hazırlanan “Abbas Səhhət. Biblioqrafiya” kitabı və “Abbas Səhhət” elektron məlumat bazasının təqdimatı keçirildi. 
   Kitab “Uşaq ədəbiyyatı xəzinəsi” seriyasından çap olunub və Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair, tərcüməçi, pedaqoq Abbas Səhhətin həyat və yaradıcılığını özündə əks etdirir. 
   Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq bildirdi ki, Respublika Uşaq Kitabxanası artıq dördüncü biblioqrafik nəşrin təqdimatını keçirir. Görkəmli ədəbiyyat xadimlərinin irsinin yaşadılması istiqamətində kitabxananın göstərdiyi təşəbbüs alqışlanmalıdır.
   Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova kitab haqqında məlumat verdi. Bildirdi ki, A.Səhhətin ədəbi-ictimai fəaliyyətini tam şəkildə əks etdirən 224 səhifəlik biblioqrafik göstəricidə 1904-2017-ci illərdə dərc olunan materiallar əks olunub. Dörd hissədən ibarət nəşrdə 1101 adda əsərin biblioqrafik təsviri verilib. Kitab ədəbiyyatşünas alimlər, tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
   Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri vəzifəsini icra edən Aslan Cəfərov qeyd etdi ki, A.Səhhətin yaradıcılığı gənc nəslə vətənpərvərlik hislərinin aşılanmasında mühüm rol oynayır. Biblioqrafik göstəricilər ziyalılarımızın irsinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. O, kitabın hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.
   Nəşrin ön sözünün müəllifi, professor Asif Rüstəmli, Bakı Dövlət Universiteti Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov, tənqidçi Füzuli Əsgərli, uşaq yazarları Zahid Xəlil, Rafiq Yusifoğlu, Qəşəm İsabəyli və digərləri nəşrlə bağlı fikirlərini bölüşdülər. 
   Bildirildi ki, biblioqrafiya faktların yeniliyi, istinad edilən qaynaqların zənginliyi baxımından çox əhatəlidir. Vətənə, millətə sədaqət örnəyi göstərmiş şairin ilk dəfə nəşr olunan biblioqrafik göstəricisi kitabşünaslıq mədəniyyətimizdə mühüm əhəmiyyət kəsb etməklə yanaşı, elmi-ədəbi ictimaiyyət üçün də dolğun, mükəmməl mənbədir. 
   Sonda tədbir iştirakçıları “Abbas Səhhət” elekrton məlumat bazası və Milli Kitabxana tərəfindən ədibin yaradıcılığını əks etdirən kitab sərgisi ilə tanış oldular. 
   
   Lalə Azəri