İyunun 30-da YARAT Müasir İncəsənət Mərkəzində “Səs eksperimentləri” adlı konsert keçirilib. İlk dəfə keçirilən və eksperiment xarakteri daşıyan konsertdə klassik aşıq havaları caz və rokla sintez halında təqdim olunub. Azərbaycan Aşıqlar Birliyinin dəstəyi və təşkilatçılığı ilə keçirilən tədbir “Araz Ozara” qrupu ilə gənc aşıq Elvin Mehmanlının zəhməti əsasında ərsəyə gəlib. 
   Konsertin əvvəlində çıxış edən Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı aşıq musiqisinin Azərbaycan mədəniyyətində tutduğu yerdən, onun beynəlxalq aləmdə təbliği istiqamətində son zamanlar həyata keçirilən məqsədyönlü tədbirlərdən, aşıq musiqisinin yeni keyfiyyətdə təqdim edilməsi üçün onun caz, rok və digər musiqi janrları ilə sintezinin də maraqlı olmasından danışıb. 
   “Araz Ozara” və Elvin Mehmanlı ilə yanaşı, aşıqlar Əli Tapdıqoğlu, Kamil Cəfərov, Gülbəniz Məmmədova, Elçin Əziyev və Ramin Sadıqovun da iştirak etdiyi konsertdə “Dədə Qorqud” kompozisiyası, “Qarabağ şikəstəsi”, eləcə də “Şirvan müxəmməsi”, “Quba Kərəmi”, “Şəqayı gəraylı”, “Koroğlu cəngisi” və digər aşıq havaları caz və rokla sintezdə səslənib. 
   Alqışlarla qarşılanan konsertin təşkilatçıları eksperiment kimi təqdim etdikləri bu işi gələcəkdə də davam etdirəcəklərini bildiriblər.