İyunun 29-da AMEA Folklor İnstitutu və Hüseyn Cavidin ev-muzeyinin birgə təşkilatçılığı ilə “Bülbül və folklor” mövzusunda elmi sessiya keçirilib. 
   Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov tədbiri açaraq Azərbaycan vokal məktəbinin banisinə həsr olunmuş elmi sessiyanın ölkə başçısının “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” 11 may 2017-ci il tarixli sərəncamı ilə əlaqədar keçirildiyini vurğulayıb, sənətkarın Azərbaycan musiqi mədəniyyətində əvəzsiz xidmətlərindən danışıb. 
   AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Bülbülün zəngin yaradıcılıq yolu və çoxşaxəli fəaliyyətindən bəhs edib. Bildirib ki, milli musiqi xəzinəsi incilərinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasında onun müstəsna xidmətləri var.
   Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı “Azərbaycan musiqi folklorunun toplanması və tədqiqi tarixində Bülbülün yeri” mövzusunda məruzə edib. O, Ərtoğrul Cavidin Bülbülün istedadlı tələbələrindən biri olduğunu vurğulayıb, Bülbülə yazdığı son məktubu iştirakçıların nəzərinə çatdırıb. 
   Folklor İnstitutunun şöbə müdiri, professor Nailə Rəhimbəyli “Bülbül və musiqi folkloru”, AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi katibi Arzu Məmmədxanlı “Yaddaşlarda əbədiləşən səs” adlı məruzələrlə çıxış ediblər. 
   Çıxışlarda vurğulanıb ki, sənətkarın təşəbbüsü ilə Dövlət Konservatoriyası nəzdində xalq musiqisini öyrənən elmi tədqiqat kabineti yaradılıb. 1932-ci ildən 1943-cü ilədək fəaliyyət göstərən bu kabinet xalq musiqi nümunələrinin toplanması, sistemləşdirilməsi, nota köçürülüb çap olunması ilə məşğul olub. Folklor İnstitutunun “Qorqud” ansamblının bədii rəhbəri, Əməkdar artist Nuriyyə Hüseynovanın ifasında “Bayatı-Şiraz” təsnifi səslənib.
   
   S.Qaliboğlu