Bişkekdə "Tengri Music 2017" III Beynəlxalq Klassik Musiqi Festivalı keçirilib. On ölkəni təmsil edən klassik musiqi ifaçıları iyunun 28-də və 29-da Dair Asanov adına Qələbə parkında açıq havada qurulmuş səhnədə çıxış ediblər. 
   Ölkəmizi festivalda Əməkdar artist, Opera və Balet Teatrının dirijoru Əyyub Quliyev və teatrın solisti, vokal təhsilini hazırda İtaliyada davam etdirən Çinarə Şirin təmsil edib. 
   Festivalın birinci günü instrumental musiqiyə həsr edilib. Solo ifaçılar "Manas" Prezident Kamera Orkestrinin müşayiəti ilə çıxış ediblər. İkinci gün isə Qırğızıstanın A.Cumamahmatov adına Böyük Simfonik Orkestri azərbaycanlı dirijor Əyyub Quliyevin idarəsi ilə çıxış edib. Üstəlik, bu konsert proqramına görə də ənənəvi klassik musiqi konsertlərindən fərqlənib. Bir neçə ölkəni təmsil edən vokalçılarla yanaşı, proqramda caz kompozisiyaları da səslənib. Çinarə Şirin konsertdə C.Verdinin "Aida" operasından Amnerislə Radamesin duetini (Sayan İsin ilə birlikdə), K.Sen-Sansın "Samson və Dalila" operasından Dalilanın ariyasını, J.Bizenin "Karmen" operasından Qaraçı mahnısını, Niyazinin "Arzu" romansını ifa edib. 
   Festival iştirakçıları mətbuata verdikləri açıqlamalarda, şəbəkələrdə etdikləri paylaşmalarda qonaqpərvərliyə görə qırğız xalqına, tədbirin əsas təşkilatçısı - "Prima" İctimai Fonduna minnətdarlıqlarını bildiriblər.

   Gülcahan