Xristianların Azərbaycandakı zəngin tarixi irslərini və ənənələrini işıq üzünə çıxarmaq, eləcə də ölkəmizdə tarixən mövcud olan multikultural, tolerant ənənələri təbliğ etmək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycanda xristianlıq: keçmişdən bu günə” adlı kitab nəşr olunub. Kitabın müəllifi komitənin sektor müdiri Anar Əlizadədir.
   Tədqiqat əsərinin “Qədim Şərq kilsəsi”, “Pravoslavlıq”, “Katoliklik”, “Ruhani xristianlıq”, “Protestantlıq” kimi fəsillərində qrafik, cədvəl və sxemlər əsasında ölkəmizdə mövcud olan bütün xristian konfessiyalar, cərəyanlar və dini icmaların tarixi keçmişləri, inanc əsasları, idarəetmə strukturu, etnik, say və yaş tərkibi haqqında təfsilatlı məlumat verilib.
   Zəngin fotomaterialların yer aldığı nəşrin ərsəyə gətirilməsində Azərbaycan Dövlət Tarix Arxivinin, Azərbaycan SSR Nazirlər Soveti yanında Dini İşlər üzrə Şuranın müvəkkilinin və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dini İşlər İdarəsinin arxiv materiallarından istifadə olunub, eyni zamanda Gədəbəy rayonunun Slavyanka kəndində yaşayan duxoborlardan müsahibə götürülüb.
   Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.