Heydər Əliyev Fondunun təşəbbüsü ilə Fransanın Evian şəhərində, Leman gölü sahilində “Azərbaycan parkı” yaradılıb. Azərbaycanın İsmayıllı şəhəri ilə Evian-le-Bən şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində salınan parkda görkəmli Azərbaycan şairəsi Xurşudbanu Natəvanın heykəlinin açılış mərasimi olub.
   Mərasimdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti, Evian-le-Bən şəhərinin meri Mark Fransina, Azərbaycanın Cenevrədəki BMT Bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov, ölkəmizin Fransadakı səfirliyinin iqtisadi və regionlarla əməkdaşlıq məsələləri üzrə müşaviri, müvəqqəti işlər vəkili Elmar Məmmədov, Heydər Əliyev Fondunun nümayəndəsi Ələkbər Quliyev, yerli ictimaiyyətin nümayəndələri, Fransada və İsveçrədə yaşayan azərbaycanlılar iştirak ediblər.
   Mer Mark Fransina qeyd edib ki, şəhərdəki “Azərbaycan parkı”nda Natəvanın heykəlinin ucaldılması qarşılıqlı dostluğun möhkəmlənməsinə xidmət edəcək. Öz növbəsində Mirdamət Sadıqov bildirib ki, Azərbaycanın görkəmli şairəsinin abidəsinin Evian-le-Bən şəhərində ucaldılması qürurverici haldır. O, İsmayıllıda “Evian-le-Bən” parkının açıldığını və rayon muzeyində dost şəhərlə bağlı guşənin fəaliyyət göstərdiyini qeyd edib. 
   Heydər Əliyev Fondunun nümayəndəsi Ələkbər Quliyev təmsil etdiyi qurumun iki ölkə arasındakı əlaqələrə böyük önəm verdiyini, çoxsaylı layihələr həyata keçirdiyini, tədbirlər təşkil etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Fondun dəstəyi ilə Parisdə mütəmadi olaraq “Azərbaycan şəhərciyi” təşkil olunur, Kann şəhərində ölkəmizin tarixi və mədəniyyətinə həsr olunan, artıq ənənəyə çevrilmiş sərgi keçirilir, tariximiz, mədəniyyətimiz, eləcə də milli mətbəximizlə bağlı kitablar fransız dilinə tərcümə edilir. İki xalqın qarşılıqlı şəkildə bir-birinin mədəniyyətini daha yaxından tanıması üçün müntəzəm olaraq Fransanın müxtəlif şəhərlərində mədəniyyət tədbirləri keçirilir.
   O, tədbir iştirakçılarına Natəvanın fransız yazıçısı Aleksandr Düma ilə görüşü barədə də məlumat verərək bildirib ki, Azərbaycanın görkəmli şairəsinin abidəsinin Evian kimi turizm şəhərində ucaldılması bura gələn turistlərə də ölkəmizi tanımağa imkan verəcək. 
   Azərbaycanın Fransadakı səfirliyinin iqtisadi və regional məsələlər üzrə müşaviri, müvəqqəti işlər vəkili Elmar Məmmədov deyib ki, artıq iki ölkənin 15 şəhəri arasında dostluq və əməkdaşlıq xartiyası imzalanıb. Evian-le-Bən ilə dostluq və əməkdaşlıq xartiyası 2015-ci ildə imzalanıb və həmin il İsmayıllıda Evian parkının təməli qoyulub. Xurşudbanu Natəvanın anadan olduğu Şuşa şəhəri, Qarabağ bölgəsi haqqında ətraflı məlumat verən E.Məmmədov qeyd edib ki, iki şəhər arasında dostluğun rəmzi olan “Azərbaycan parkı” qarşılıqlı əməkdaşlığın, mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verəcək. 
   Tədbir iştirakçıları Natəvanın heykəlinin müəllifləri Salhab Məmmədov və Əli İbadullayevə yaratdıqları bu ecazkar əsərə görə təşəkkür ediblər.
   Sonda xanəndə Günay İmamverdiyeva Əməkdar artist Toğrul Əsədullayevin (kamançada) və Rövşən Qurbanovun (tarda) müşayiəti ilə “Şuşanın dağları” xalq mahnısını və “Azərbaycan” mahnısını ifa edib.
   Qeyd edək ki, bu, Azərbaycanın görkəmli şairəsinin Avropada ikinci abidəsidir. 2016-cı ilin fevralında Belçika Krallığının Vaterlo şəhərində Xurşudbanu Natəvanın abidəsi ucaldılıb.