Prezident təqaüdçüləri olan gənc musiqiçilərin respublikada tanınması və gənc nəsildə bədii-estetik zövqün inkişaf etdirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq bölgələrdə onların konsertlərini təşkil edir. Belə tədbirlərdən biri İsmayıllı şəhərində keçirilib. 
   Əvvəlcə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti və gənc musiqiçilər ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad ediblər.
   Şəhərdəki Mədəniyyət sarayında təşkil olunan tədbirdə çıxış edən İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elnur Hüseynov gənc istedadlara dövlət qayğısından danışıb, respublikanın bölgələrində onların konsertlərinin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
   Maraqlı konsert proqramı ilə davam edən tədbirdə Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən, xalq mahnıları və muğamlarımızdan ibarət musiqi nömrələri səsləndirilib. Gənc musiqiçilərin ifaları alqışlarla qarşılanıb. 
   Tədbirdə rayon İcra Hakimiyyətinin rəsmiləri, mədəniyyət, təhsil müəssisələrinin işçiləri, yeniyetmə və gənclər iştirak edib.