İyulun 29-dan avqustun 3-dək Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə IX Qəbələ Beynəlxalq Musiqi Festivalı keçiriləcək. 
   Festivalın saytında musiqi bayramının proqramı yerləşdirilib. Festivalın konsertləri Qəbələ ilə yanaşı, Şəki və İsmayıllı şəhərlərində də təşkil olunacaq.
   İyulun 29-da Qəbələ Kamera Musiqisi Zalında festivalın ilk konserti olacaq. Həmin gün axşam açıq səhnədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri çıxış edəcək.
   İyulun 30-da Qəbələdə açıq səhnədə festivalın açılış mərasimi olacaq və tamaşaçılara Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası təqdim ediləcək. 
   Festivala İngiltərənin “Femusa” kamera orkestri, Janna Qandelman (İsrail, skripka), Mixail Sladkin (ABŞ, valtorn), Dmitri Yablonski (Rusiya, violonçel), Canluici Sartori (tenor, İtaliya), Oksana Yablonskaya (Rusiya, piano), Stefan Deltz (piano, ABŞ), Anna Serova (skripka, İtaliya), Nomeda Kazlaus (soprano, Litva), Moyka Zlobko Vajql (arfa, Sloveniya), Massimo Merçelli (fleyta, İtaliya), Roberto Molinelli (dirijor, İtaliya), eləcə də Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Bakı Kamera Orkestri və ölkəmizin tanınmış musiqiçiləri qatılacaq.