Rejissor İlqar Nəcəfin “Nar bağı” filmi 11-ci “Asia Pacific Screen Awards” mükafatına namizədlərin siyahısında yer alıb.
   “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, “Asiya Oskarı” adlanan nüfuzlu mükafat hər il Avstraliyanın Brisben şəhərində təqdim olunur.
   “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan “Nar bağı” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırıblar.
   Xatırladaq ki, ekran əsəri bu yaxınlarda Çexiyada, “Karlovı Varı” Beynəlxalq film festivalının “Qərbin Şərqi” müsabiqə proqramında nümayiş olunub. “Nar bağı” iyulun 22-dən 28-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək 13-cü Avrasiya Beynəlxalq film festivalının əsas müsabiqə proqramına da dəvət alıb.