İyulun 7-də Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, İLESAM təşkilatı (Türkiyə), Azərbaycan Milli Kitabxanası və Yazıçılar Birliyinin birgə həyata keçirdiyi "Günlərdən şeir" adlı layihəyə start verilib. Layihənin ilk qonağı İLESAM-ın rəhbəri, şair Mehmet Nuri Parmaksız olub. 
   Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq layihə haqqında qısa məlumat verib. Bildirib ki, Açıq kitabxanada hər həftənin cümə günləri şairlərlə görüşlər keçiriləcək. 
   İLESAM-ın rəhbəri, şair Mehmet Nuri Parmaksız çıxış edib, öz şeirlərini oxuyub. Yazıçılar Birliyinin katibi Rəşad Məcid də öz yeni şeirlərini, həmçinin Vaqif Bayatlının şeirlərindən nümunələr söyləyib. 
   Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza layihənin əhəmiyyətindən danışıb, qələmə aldığı poeziya nümunələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Görüşdə həmçinin şairlər Fərqanə Mehdi, Həyat Şəmi, Şəhanə Müşfiq, Samir Səyyadoğlu, Səyyarə Məmmədli və başqaları öz şeirlərini oxuyublar. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi Şəlalə Hümmətova, publisist Zemfira Məhərrəmli çıxış edərək layihənin işinə uğurlar arzulayıblar. Sonda Mehmet Nuri Parmaksız layihənin gerçəkləşdirilməsinə görə əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
   
   Lalə Azəri