İyulun 6-da Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında” çərçivə konvensiyası üzrə Məşvərətçi komitəsinin bir qrup ekspertindən ibarət nümayəndə heyəti Mədəniyyət və Turizm Nazirliyində olub.
   Nazir müavini Sevda Məmmədəliyeva qonaqları salamlayaraq, ölkəmizin Avropa Şurası ilə mədəniyyət və turizm sahələrində olan münasibətlərinin inkişafından danışıb. O, 2008-ci ildə Bakıda keçirilmiş Avropa Şurası mədəniyyət nazirlərinin görüşünü xatırladaraq, həmin ildən bəri Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan “Bakı prosesi” çərçivəsində 2011, 2013, 2015 və 2017-ci illərdə keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu və digər tədbirlərdə Avropa Şurasının iştirakını və tərəfdaşlığını qeyd edib. 
   Sonra görüşün əsas mövzusu olan milli azlıqların mədəni həyatının dəstəklənməsi istiqamətində atılan addımlar müzakirə edilib. Nümayəndə heyətinə iki ildən bir keçirilən “Azərbaycan - doğma diyar” milli azlıqların mədəni festivalı haqqında məlumat verilib, qonaqlar gələn il keçiriləcək festivala dəvət edilib. Milli azlıqların musiqi atlasının yaradılması da nazirliyin əlamətdar layihələrindən biri kimi qeyd edilib. Bildirilib ki, Azərbaycanın 2010-cu ildə “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” UNESCO konvensiyasına qoşulması, milli azlıqların mədəniyyətlərinə qayğı siyasətinin növbəti təzahürüdür. Görüşdə qonaqları maraqlandıran suallar cavablandırılıb.