İsveçdə azərbaycanlı bəstəkarların əsərləri səslənib
   
   Görkəmli Azərbaycan bəstəkarları Qara Qarayevin və Nazim Əliverdibəyovun kompozisiyaları İsveç musiqisevərlərinə təqdim edilib.
   Uzun illərdir İsveçdə yaşayan azərbaycanlı musiqiçi Leyli Yekta yerli tamaşaçılar qarşısında “Baxdan “Bayatı-Şiraz”adək” (Fran Bach till Bayati-Shiraz) adlı konsert proqramı ilə çıxış edib.
   Stokholmun “Högalid” kilsəsində keçirilən konsertdə Qara Qarayev, Nazim Əliverdibəyov, habelə İohan Sebastyan Bax və Uillan Hilinin əsərləri səsləndirilib. Konsertin əsas fərqləndirici məqamı Nazim Əliverdibəyovun məşhur “Bayatı-Şiraz” kompozisiyasının orqanda ifa edilməsi olub.
   Tədbirin başlıca məqsədi yerli tamaşaçıları Azərbaycan klassik musiqisi ilə tanış etmək olub. Konserti Azərbaycanın Stokholmdakı səfirliyinin əməkdaşları, habelə yerli musiqisevərlər izləyiblər.