Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin tövsiyyəsi ilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi regionlardakı kitabxana işçiləri üçün “Kitabxana işinin təşkilində innovasiyaların tətbiqi” mövzusunda səyyar seminar-treninqlər keçirir.
   İyulun 11-də başlanan növbəti seminara Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin (Ağdaş, Ucar, Zərdab, Göyçay) tabeliyindəki Mərkəzləşdirilmiş kitabxana sistemi (MKS) və kitabxana filiallarının informasiya-resurs və multimedia işçiləri cəlb olunub.
   Ağdaş şəhər Musiqi məktəbində keçirilən tədbirin açılışında mərkəzin direktoru Ramazan Şabanov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Ağdaş şəhər MKS-nin direktoru Seyfəddin Feyzullayev iştirak edib.
   60 nəfər kitabxana işçisinin qatıldığı treninqdə yeni avtomatlaşdırılmış kitabxana informasiya sistemi (ALİSA) əsas müzakirə məsələlərindən olub. 15 iyul tarixinə qədər davam edəcək treninqi mərkəzin direktor müavini Nəzakət Rəhmanova, Tədris-metodika kabinetinin müdiri Aygün Hüseynova, mütəxəssis olaraq Milli Kitabxananın əməkdaşları Ədibə İsmayılova, Samirə Şabanova, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası Elmi kitabxanasının rəisi Ruhiyyə Məmmədova aparır.