Mədəniyyət və turizm naziri İranın Ərdəbil şəhərində görüşlər keçirib
   
   Xəbər verdiyimiz kimi, iyulun 3-dən 8-dək İranda Azərbaycan mədəniyyəti günləri keçirilib. Bununla bağlı qonşu ölkədə səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 6-da Ərdəbil şəhərində Ərdəbil vilayətinin valisi Məcid Xodabəşx ilə görüşüb.   
   Görüşdə İranda Azərbaycan mədəniyyəti günlərinin uğurla gerçəkləşməsindən söz açan nazir bildirib ki, iki ölkə arasında belə qarşılıqlı tədbirlər mövcud dostluq münasibətlərinin, əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfədir.
   Qeyd olunub ki, 2010-cu ildə İranın Tehran və Təbriz şəhərlərində Azərbaycan mədəniyyəti günləri, 2011-ci ildə isə Azərbaycanda İran mədəniyyəti günləri maraqlı tədbirlərlə, təqdimatlarla yadda qalıb. İranda budəfəki Azərbaycan mədəniyyəti günlərinin də zəngin proqramı var. Tehranda mədəniyyət günlərinin möhtəşəm açılış mərasimi keçirilib, Azərbaycan incəsənət ustaları konsert proqramı ilə çıxış edib. Həmçinin Azərbaycan filmlərinin, teatr tamaşasının nümayişi təşkil edilib, ölkəmizin tarixini və müasir dövrünü əks etdirən fotosərgi açılıb. Mədəniyyət günləri çərçivəsində İsfahan şəhərində də konsert proqramı keçirilib. Azərbaycan nümayəndə heyətinin İran rəsmiləri ilə səmərəli görüşləri olub.
   Bildirilib ki, 2018-ci ildə Azərbaycanda İran mədəniyyəti günləri keçiriləcək. Bu çərçivədə Ərdəbil şəhərinin təqdimatı ilə bağlı, eləcə də gələcəkdə Ərdəbildə Azərbaycan filmlərinin, teatr tamaşalarının nümayişinin təşkili barədə müzakirələr aparılıb.
   Nazir Əbülfəs Qarayev Ərdəbil şəhərində fəaliyyət göstərən turizm sənayesi nümayəndələri ilə də görüşüb. Söhbət zamanı iki ölkə arasında turizm əlaqələrinin ildən-ilə genişləndiyi, Azərbaycan turistlərinin İranın müxtəlif şəhərlərinə, iranlı turistlərin də Azərbaycanın paytaxtı Bakıya və bölgələrimizə həvəslə səfər etdikləri vurğulanıb. Görüşdə qarşılıqlı əməkdaşlıq, turizm sahəsində təcrübə mübadiləsi, investisiya yatırımı kimi məsələlər barədə danışılıb.
   Əbülfəs Qarayev 2018-ci il üçün Azərbaycanın Naxçıvan şəhərinin “İslam mədəniyyətinin paytaxtı” elan edildiyini, bu çərçivədə silsilə tədbirlərin nəzərdə tutulduğunu diqqətə çatdırıb və İran tərəfini bu tədbirlərdə iştirak etməyə dəvət edib.