Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən Çinin Xuçjou şəhərində Çin dilini öyrənən azərbaycanlı gənclər üçün yay məktəbi təşkil edilib.
   Ali təhsil ocağının rəsmi tərəfdaşı olan Xuçjou Universitetinin müəllimləri tərəfindən keçirilən təlimlərdə Azərbaycandan olan gənclər Çin dilinə dair biliklərini təkmilləşdirir, Çinin tarixi və mədəniyyəti ilə tanış olur, həmçinin kalliqrafiya incəsənətinə, “Uşu” gimnastikasına, bu ölkənin kulinariyasına, ənənəvi çay mərasiminə həsr olunmuş ustad dərslərində iştirak edirlər. İştirakçılar üçün Çinin “İpək paytaxtı” hesab olunan Xuçjounun tarixi mədəniyyət abidələrinə ekskursiyalar təşkil edilir.
   Düşərgənin işi çərçivəsində Azərbaycan tərəfindən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasovun “Azərbaycan-Çin: diplomatik münasibətlərin qurulmasının 25 illiyi” (Çin dilində) kitabının təqdimatı keçirilib. Azərbaycanlı dinləyicilər qrupunun rəhbəri, ADU-nun Konfutsi İnstitutunun əməkdaşı Əfsanə Balayeva yerli televiziyaya müsahibəsində universitetdə Çin dilinin tədrisi, Azərbaycan tarixində ilk dəfə ali məktəb tələbələri üçün milli Çin dili dərsliyinin nəşri barədə məlumat verib.