Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri, Misirin Ayn-Şəms Universitetinin dosenti Əhməd Sami əl-Aydi Azərbaycan Yazıçılar Birliyinin AYB) fəxri üzvü seçilib.
   Ona fəxri üzvlük vəsiqəsini qurumun sədri, Xalq yazıçısı Anar təqdim edib.
   AYB sədri iki ölkə arasında mədəni və ədəbi əlaqələrin inkişafı və genişləndirilməsi sahəsində Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi rəhbərinin gördüyü işləri yüksək qiymətləndirib və ona uğurlar arzulayıb. Qeyd edib ki, o, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilmiş ilk Misir alimidir.
   Diqqətə çatdırılıb ki, Bakı Dövlət Universitetində “Çağdaş Azərbaycan romanlarında mövzu, janr və üslub məsələləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş Əhməd Sami Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi haqqında xeyli sayda araşdırmaların müəllifidir.
   Onun tərcümə sahəsində də xidmətləri var. Ərəb dilinə tərcümə etdiyi “Müasir Azərbaycan nəsri” antologiyası Misirdə işıq üzü görüb. Eyni zamanda Nobel mükafatı laureatı, məşhur Misir yazıçısı Nəcib Məhfuzun “Liderin qətl günü” romanı Əhməd Saminin tərcüməsində Azərbaycanda nəşr olunub. İndiyədək onun tərcüməsində 10-dan artıq kitab çap edilib.