Çin Xalq Respublikasının Yinchuan şəhərində 15-ci Çin Teatr Festivalı çərçivəsində Beynəlxalq Teatr İnstitutunun Ənənəvi Səhnə Sənətləri Forumunun ilk toplantısı keçirilib. Toplantıda iştirak edən Bakı Uşaq Teatrının direktoru və bədii rəhbəri İntiqam Soltan və ssenarist Arzu Soltan Azərbaycan teatr ənənələrindən bəhs ediblər.
   Azərbaycanın ənənəvi səhnə sənətinin yaşadılmasında Bakı Uşaq Teatrının rolu haqqında da forum iştirakçılarına məlumat verən Arzu Soltan teatrda yaradıcı iş metodundan bəhs edib.
   Avropa və Asiyanın bir sıra ölkələrindən teatr xadimlərinin, aktyor, rejissor, ssenarist və tənqidçilərin, digər teatr mütəxəssislərinin qatıldığı toplantıda Azərbaycan haqqında təqdimat böyük maraqla qarşılanıb.
   Tədbirdə Beynəlxalq Teatr İnstitutunun Ənənəvi Səhnə Sənətləri Forumunun idarə heyəti formalaşıb, İntiqam Soltan idarə heyətinin üzvü seçilib.