İyulun 12-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanın yəhudi əsilli oğlu, Milli Qəhrəman Albert Aqarunova (1969-1992) həsr olunan “Yaşadığım torpaq” adlı bədii süjetli filmin təqdimat mərasimi keçirilib. Filmin rejissoru “Odlar Yurdu” İsrail-Azərbaycan Teatrının bədii rəhbəri Səadət Şükürovadır.
   Ekran əsərində Milli Qəhrəman Albert Aqarunovun uşaqlıq illərindən döyüş yolunadək həyatı əks olunub, vaxtilə cəbhə bölgəsində çəkilmiş lent yazısı, silahdaşlarının onun haqqında söylədikləri fikirlər də yer alıb. Döyüş yoldaşları və yaxınları Albert Aqarunovu Vətəni sevən, yaşadığı torpaq uğrunda canından keçməyə hazır olan insan kimi xarakterizə ediblər. Bildirilib ki, Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb və Şuşada döyüşüb. 1992-ci il mayın 7-də Şuşanın müdafiəsi zamanı həlak olub.
   Filmin nümayişindən sonra yaradıcı heyət “Odlar Yurdu” İsrail-Azərbaycan Teatrının diplomu ilə təltif edilib.
   Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev bildirib ki, yəhudilər Azərbaycanın xoş gününə sevinib, pis günündə onun yanında olublar. O, Albert Aqarunov kimi vətənpərvər oğullarımızla qürur duyduğunu söyləyib.
   Albert Aqarunovun cəbhə yoldaşı Zahid Nəzərov Milli Qəhrəmanın döyüşçü və insan kimi keyfiyyətlərindən danışıb. Digər çıxış edənlər Albert Aqarunovun qəhrəmanlığı, təqdimatı keçirilən filmin uğurlu alınması barədə fikirlərini bölüşüblər.