İyulun 10-11-də Kot d`İvuarın Abidcan şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 44-cü sessiyası keçirilib. Ölkəmizi tədbirdə xarici işlər nazirinin xüsusi nümayəndəsi statusunda Oqtay Qurbanov təmsil edib. O, çıxışında 2017-ci ilin dövlətimizin başçısı tərəfindən “İslam həmrəyliyi ili” elan edilməsi, ölkəmizdə IV İslam Həmrəylik Oyunlarının uğurla keçirilməsindən bəhs edib.
   Sessiyada ölkəmizlə bağlı bir sıra mühüm qətnamələr, o cümlədən Ermənistanın ölkəmizə qarşı təcavüzünə və işğal olunmuş ərazilərimizdə dini-mədəni irsin dağıdılmasına dair, Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar İƏT və ona üzv dövlətlərin bu soyqırımının qurbanları ilə həmrəyliyini ifadə edən qətnamələr qəbul edilib. 
   Həmçinin, Azərbaycanda 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsini alqışlayan qətnamə qəbul edilib. Qətnamədə Azərbaycan Respublikası tərəfindən sivilizasiyalar arasında mədəniyyət və dinlərarası anlaşma və dialoqun təşviqi istiqamətində səylər təqdir edilir. 2017-ci ilin 12-22 may tarixində Bakıda IV İslam Həmrəylik Oyunlarının yüksək səviyyədə təşkili və qonaqpərvərliyə görə Azərbaycan xalqına və hökumətinə təşəkkür ifadə olunur. Sonda Azərbaycanın Naxçıvan şəhərinin 2018-ci il üzrə “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi alqışlanır.
   “Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində islam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılması” adlı qətnamədə işğal olunmuş ərazilərdəki tarixi, mədəni, arxeoloji, antropoloji və etnoqrafik abidələrimizin, maddi-mədəniyyət nümunələrinin islam irsinin ayrılmaz tərkib hissəsi olduğu bildirilir və bu irsin dağıdılması kəskin tənqid edilir.