Qolbaqlar, üzüklər, müxtəlif bəzək əşyaları... Bunlar zərgər dükanının deyil, qədim eksponatların toplandığı Mingəçevir Tarix Muzeyində turistlərin diqqətini çəkən əşyalardır.
   Muzeyin bələdçisi Mehmanə Səlimovanın sözlərinə görə, burada yaradılan xüsusi guşədə 40-dan çox adda qadın bəzək əşyası toplanıb: “Şəhər ərazisində 1946-1953-cü illərdən başlayan arxeoloji qazıntılar zamanı bu qədim sənət nümunələri əsasən qadın qəbirlərindən aşkarlanıb. 
   Tapılan əşyalar arasında ən qiymətlisi isə sadə əl işi olan və gildən hazırlanan boyunbağılardır. Şəhərə gələn qonaqlar, xüsusən də xarici turistlər bu qədim əşyalara böyük maraq göstərirlər”.
   Qeyd edək ki, son illər Mingəçevirdə turizmin inkişafı istiqamətində görülən işlər bəhrəsini verməkdədir. Şəhərə turistləri cəlb edən məkanlardan biri də Mingəçevir Tarix Muzeyidir. Yeni binada fəaliyyət göstərən muzeydə 15 minə yaxın eksponat saxlanılır.