Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı iyulun 16-da 85-ci teatr mövsümünü başa vurur. Həmin gün tamaşaçılar Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılının motivləri əsasında teatrın baş rejissoru Qurban Məsimovun səhnələşdirdiyi “Tıq-tıq və Taq-taqın nağılı”na baxacaqlar. 
   Son nümayiş günündə təntənəli mərasim də baş tutacaq. Truppa üzvlərinin və teatrın nəzdindəki “Oyuq” studiyasının balaca istedadlarının təqdimatında tamaşalardan hissələr, musiqi nömrələri nümayiş olunacaq.
   Bu mövsüm teatrın uğurlarında əməyi olan, məhsuldar fəaliyyəti ilə yadda qalan bir neçə şəxsə müxtəlif nominasiyalarda mükafat və diplomların təqdim olunması da nəzərdə tutulub.
   Qeyd edək ki, yubiley mövsümündə bir sıra uğurlara imza atan teatrın kollektivi iki beynəlxalq festivaldan (“Muraveynik” və “Orteke” beynəlxalq kukla teatrları festivalları) mükafatla qayıdıb. Mövsüm ərzində müxtəlif ideya və mövzularda 6 yeni tamaşa (“Turp”, “Qırmızıpapaq”, “Pişiyin evi”, “Unudulmuş kukla”, “Yeni il nağılı” və rus bölməsi üçün “Durna balığı”) teatrsevərlərin ixtiyarına verilib.