Qonaq ölkələrin nümayəndələri ilə görüş keçirilib
   
   Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə paytaxtımızda “Dostluq körpüsü” adlı uşaq və gənclərin II Beynəlxalq folklor-rəqs festivalı keçirilib. Festivala Azərbaycan, Rusiya Federasiyası, İran İslam Respublikası, İsrail, Moldova, Latviya və Gürcüstanın rəqs qrupları - ümumilikdə 400-dən çox iştirakçı qatılıb.
   İyulun 10-da Nizami Kino Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov qonaq ölkələrin nümayəndələri ilə görüş keçirib. İdarə rəisi festivalın keçirilməsində əsas məqsədin uşaq və gənclərin istedadlarının inkişaf etdirilməsi, ölkələrin mədəniyyətini nümayiş etdirməklə yanaşı xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi olduğunu qeyd edib. Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub, qonaqlarla xatirə şəkilləri çəkdirilib.
   Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən beynəlxalq festivalın açılış konserti iyulun 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında baş tutub. Festivalın daha bir konserti Quba şəhərindəki “Yaşıl teatr”da keçirilib. Rəqs və folklor bayramı rayon sakinləri və qonaqlar tərəfindən maraqla qarşılanıb.
   Festivalın yekun konserti iyulun 13-də Mərdəkan Mədəniyyət sarayında keçirilib. 
   Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən festival iştirakçıları üçün ekskursiyalar da təşkil olunub. Qonaqlar “Yanardağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğu, “Qala” Dövlət tarix-etnoqrafiya qoruğu, Şəhidlər xiyabanı, İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Xalça muzeyi və Heydər Əliyev Mərkəzi ilə tanış olublar.