Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda iranlı fotoqraf və rejissor Paşa Hadianın “Müasir İran mədəniyyətinin görkəmli nümayəndələri” adlı fərdi fotosərgisi açılıb.
   Tədbirdə sənətşünas Nizami Alıyev çıxış edərək, sərginin təşkilinin sənət adamları üçün əlamətdar hadisə olduğunu deyib. Bildirilib ki, sərgidə fotoqrafın 65 əsəri yer alıb.
   İranın Naxçıvandakı baş konsulu Mənsur Ayrom, Türkiyənin muxtar respublikadakı baş konsulu Nihat Erşen çıxış edərək, ölkələr arasında siyasi, iqtisadi əlaqələrlə yanaşı, mədəni əlaqələrin də inkişafının vacibliyini qeyd ediblər.
   İranlı fotoqraf və rejissor Paşa Hadian bildirib ki, təqdim edilən fotolar 7 ilin əməyinin məhsuludur. Sərginin məqsədi müasir İran mədəniyyətinin görkəmli nümayəndələrini tanıtmaqdır.