Sərgidə İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin rəssamlarının əl işləri də nümayiş olunub
   
   “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti London şəhərində Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin illik yekunlarına həsr olunmuş hesabat sərgisində iştirak edib.   
   Ənənəvi olaraq hər il Şahzadə Çarlzın iştirakı ilə keçirilən, məzunların fəaliyyətinin nəticələrini təbliğini nəzərdə tutan və beynəlxalq təcrübə mübadiləsi məqsədi daşıyan tədbir iyunun 26-dan iyulun 7-dək davam edib. Hesabat sərgisində magistr və doktorantura proqramlarını bitirməkdə olanların işləri, o cümlədən Şahzadə Məktəbinin beynəlxalq tanıtım proqramları çərçivəsində hazırlanmış işlər nümayiş olunub.
   İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin rəssamları da sərgidə öz əl işləri ilə iştirak ediblər. Ölkəmizin zəngin milli-mədəni irsinə uyğun ənənəvi naxışlarla və müasir üsullarla işlənən məhsullar böyük marağa səbəb olub və yüksək qiymətləndirilib.
   Qeyd edək ki, 2004-cü ildə Uels Şahzadəsi Çarlz tərəfindən təsis olunmuş Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi (PSTA) rəssamlara Uels Universiteti tərəfindən təsdiq olunmuş diplomdan sonrakı təhsil çərçivəsində tədqiqatların aparılmasına imkan yaradır.
   “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Şahzadə Məktəbinin birgə layihəsi olan İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2012-ci ilin oktyabr ayından etibarən tədris və sənətkarlıq mərkəzi kimi fəaliyyət göstərir.
   Azərbaycanın zəngin ənənəvi incəsənət irsinin öyrənilməsinə və canlandırılmasına xidmət edən mərkəz “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətində rəhbər tutduğu “Canlı tarix” konsepsiyası çərçivəsində yaradılıb. Layihənin əsas məqsədi həm də Azərbaycanın zəngin milli-mədəni irsinə uyğun ənənəvi naxışların müasir üsullarla işlənərək yeni dizaynlı məhsulların istehsalına və bu məhsulların beynəlxalq səviyyədə təbliğinə nail olmaqdır.