22 iyul - Milli mətbuat günü münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə iyulun 18-də “İslam həmrəyliyi və media” mövzusunda konfrans keçirilib.
   Komitənin sədri Mübariz Qurbanlı konfransı açaraq bildirib ki, dövlət başçısı tərəfindən 2017-ci il “İslam həmrəyliyi ili” elan edilib, Azərbaycan mətbuatı həm ölkə daxilində, həm də xaricdə islam həmrəyliyini təbliğ edir: “Prezidentin tapşırığı ilə bizim komitə və Qafqaz Müsəlmanları İdarəsi bir sıra xarici ölkələrdə tədbirlər keçirəcək. Bu mövzunun təbliği üçün mətbuatla sıx əməkdaşlıq edirik”.
   Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, sovetlərin ifrat inqilabçı ruhlu və ateist təbliğatlı müəyyən dövrünü istisna etsək, Azərbaycan mətbuatı hər zaman milli və dini dəyərlərə hörmətlə yanaşıb. Mətbuatımızın əsasını qoyan “Əkinçi” qəzeti milli dəyərlərə söykənib. Daha sonra nəşr edilən qəzetlərdə də bu məsələ ön planda olub. Bu gün Azərbaycanın media modeli islam ölkələri üçün bir örnəkdir. Yaxın vaxtlarda İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin toplantısında müsəlman ölkələrinin media qurumları arasında bir təşkilatın yaranması ilə bağlı qərar qəbul ediləcək. Yəqin ki, həmin təşkilatın mərkəzi ofisi Bakıda yerləşəcək.
   Konfransda digər çıxış edənlər milli-mənəvi, dini dəyərlərin, multikultural və tolerant ənənələrin qorunması və təbliği istiqamətində medianın üzərinə düşən vəzifələrdən bəhs ediblər.