Ankara ippodromunda sərgi təşkil edilib
   
   Türkdilli ölkələr arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un təsis edilməsinin ildönümü münasibətilə Ankara ippodromunda tədbir təşkil edilib. 
   Tədbir türk dünyasının tanınmış rəssamlarının əsərlərindən ibarət sərgi ilə tanışlıqdan başlayıb. Sərgidə TÜRKSOY-un müxtəlif illərdə təşkil etdiyi türk dünyası rəssamlarının ənənəvi görüşləri zamanı seçilən ən uğurlu əsərlər nümayiş olunub.
   Tədbir iştirakçıları TÜRKSOY Gənclik orkestrinin çıxışını da böyük maraqla dinləyiblər. Orkestr azərbaycanlı dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə korifey bəstəkarlarımız Qara Qarayev və Fikrət Əmirovun, eləcə də digər türk xalqlarının və dünya klassiklərinin əsərlərini səsləndirib.
   Sonra at yarışı keçirilib. Yarış tədbir iştirakçıları tərəfindən böyük maraqla izlənilib. Sonda TÜRKSOY-un baş katibi Düsen Kaseinov yarışın qalibinə kuboku təqdim edib.