Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (ADGTT) direktoru, Əməkdar artist Mübariz Həmidov İsrail Gənc Tamaşaçılar Teatrının direktoru və aktyoru Şaul Tiktinerlə görüşüb.
   Görüşdə iki teatrın əməkdaşlığı barədə müzakirələr aparılıb. İsrail Gənc Tamaşaçılar Teatrının növbəti mövsümdə Bakıda, Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşalar nümayiş etdirməsi barədə razılıq əldə olunub.
   “İsrailin Tel-Əviv şəhərində fəaliyyət göstərən Gənc Tamaşaçılar Teatrı ilə yaradıcılıq əlaqələrinin qurulması bizim üçün maraqlıdır. Çünki biz müxtəlif ölkələrdə festivallarda iştirak edərkən tanışlığımız olub. Onlar da bizim teatr haqqında məlumatlıdır və əməkdaşlıq etmək istəyirlər”, - deyə Mübariz Həmidov bildirib.
   Əldə olunan razılığa əsasən, İsrail teatrı Bakıda “Bremen musiqiçiləri” və “Balaca şahzadə” tamaşaları ilə çıxış edəcək, sonra isə ADGTT-nın kollektivi Tel-Əvivə səfər edəcək.