Mədəni irsin yerlərdə qorunması, təbliği və bərpası, turizm infrastrukturunun inkişaf etdirilməsində muzeylərin rolunun artırılması məqsədilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən səyyar seminar-treninqlər təşkil edilib. 
   Bu qəbildən növbəti tədbir iyulun 18-də Şəkidə təşkil edilib. “Muzeylər canlı tarix, turizmə dəstəkdir” mövzulu səyyar seminar-treninqə Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin əhatə etdiyi bölgələrdən (Şəki, Oğuz, Qax, Zaqatala, Balakən) 56 muzey işçisi cəlb olunub.
   Seminar-treninqin açılışında Mərkəzin direktoru Ramazan Şabanov, Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Xatirə Səlimli və şəhərdəki Tarix-diyarşünaslıq muzeyinin direktoru Yaqut Cəlalova iştirak edib. Treninq “Mədəniyyət haqqında” qanundan irəli gələn məsələləri, yerlərdə maddi və qeyri-maddi mədəni irsin qorunması və bərpası, muzey işinin təşkili və turizmin inkişafı məsələlərini əhatə edir. 
   Mərkəzin əməkdaşları, eləcə də Azərbaycan İstiqlal Muzeyinin fond müdiri Aidə Axundova və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Sahibə Ələkbərova tərəfindən aparılan treninq 22 iyul tarixinə qədər davam edəcək.