İran İslam Respublikasının Astara şəhərində Azərbaycan-İran mədəni əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub. Görüşdə Azərbaycan tərəfindən Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov, İran tərəfindən Astara Fərmandarlığının Fərhəng və irşad idarəsinin rəisi Əbufətəli Cavan, Rəşt şəhərindən Əliəhməd Nijad və digər şəxslər iştirak ediblər. 
   Müzakirələrdə qərara alınıb ki, Lənkəran və İran Astarası arasında mədəni əlaqələr qurulsun, iki ölkənin sənətçilərinin təcrübə mübadilələri keçirilsin, həmçinin həm Lənkəranda, həm də İran Astarasında iki ölkənin mədəniyyət xadimlərinin birgə iştirakı ilə teatr tamaşaları, musiqili tədbirlər və rəsm sərgiləri təşkil olunsun. İranlı telerejissor Xanım Gülməhəmmədi və kinorejissor Naderi Lənkəran rayonunun folklor qrupları, Azərbaycanın milli mətbəxi barədə sənədli film çəkmək arzusunda olduqlarını bildiriblər.