“Türk xalqlarının dildə, fikirdə, əməldə bir olması dünyada sülhə, təhlükəsizliyə, rifaha da töhfə verər”
   
   Türkiyə Prezident Aparatının himayəsi ilə, Atatürk Mədəniyyət, Dil və Tarix Qurumu ilə Türk Dil Qurumu tərəfindən 2017-ci il “Türk dili ili” elan edilib. Bu çərçivədə ötən müddətdə aidiyyəti qurumların iştirakı ilə bir sıra tədbirlər keçirilib. Türkiyə Cümhuriyyəti Prezidentinin baş müşaviri Yalçın Topçu ilə söhbətimizdə bu tədbirlərlə yanaşı, digər məqamlara da toxunduq.    
   
   - Yalçın bəy, hələ XIX əsrin sonu - XX əsrin əvvəllərində türk-islam dünyasının tanınmış simalarından olan İsmayıl bəy Qaspıralı türk xalqlarını birləşdirmək üçün “Dildə, fikirdə, əməldə birlik" şüarı ilə çıxış edirdi. Bu baxımdan da maraqlıdır, 2017-ci ilin “Türk dili ili” elan edilməsi hansı məramı əhatə edir?
   - Türk dilinin tarixi qədimlərə dayanır, Orxon abidələrindən, Göytürk əlifbasından başlayır. Dünyada yazısı, əlifbası olan ilk millət bizik, türk milləti mədəniyyət yaradan bir toplumdur. Türk dili sadəcə bəlli bir millətin bir-biri ilə ünsiyyət vasitəsi deyil, Adriatik dənizindən Çin səddinə, Qalitsiyadan Yəmənə qədər milyonların anlaşa biləcəyi bir dildir. Bu gün dünya dili hesab edilən ingilis dilindən öncə türk dili dünyanın böyük bir coğrafiyasında həm ticarət dili, həm də mədəniyyət dili idi. Bizim türk mütəfəkkirləri bütün türk boylarında yazının eyni əlifba ilə olması üçün çox ciddi cəhdlər göstəriblər. Azərbaycanın paytaxtı Bakıda 1926-cı ildə vahid bir əlifbaya keçilməsi üçün çox ciddi fəaliyyətlər olub. Amma təəssüf ki, imperialist güclər bunu əngəlləyiblər. 
   Qeyd etdiyiniz kimi, ötən əsrin əvvəlində türk dünyasının mütəfəkkirlərindən İsmayıl bəy Qaspıralı dildə, fikirdə, əməldə bir olmağı bizə hədəf göstərmiş və gələcək nəsillərdən o hədəfdən vaz keçməməyi istəmişdi. Bu gün də bu hədəf bizim qarşımızdadır. Bu hədəfə çatmaq 300 milyonluq bir topluluğun dil, əməl birliyi deməkdir. Bunun üçün türk boylarının daha çox yaxın olması, qarşılıqlı iqtisadi əlaqələr qurması, istehsal və ticarət mübadiləsi etməsi, daha çox mədəni birliklərin qurulması lazımdır. Bu onların öz coğrafiyalarının mənfəətinə uyğun olacağı kimi, 300 milyonluq bir topluluğun dünya barışına da töhfəsi olar. Əgər qonşunun həyat səviyyəsi, standartları yaxşıdırsa, sizə də faydası olur. Bu baxımdan 300 milyonluq türk topluluğunun dildə, fikirdə, işdə bir olması dediyim kimi, dünyada sülhə, təhlükəsizliyə, rifaha da ciddi töhfə verər. 
   Təbii ki, biz bütün dillərin yaşamasını istəyirik. Amma dilçilər də bilir ki, dilin inkişafına və yayılmasına təsir edən ünsürlər var. Bunlardan biri, məsələn, turizmdir. Yəni siz bir əcnəbi ölkəyə səfər edəndə onun dilini bilib-bilmədiyinizin də müəyyən rolu olur. Və ya ölkənizə ingilis, fransız, alman turistlər gələrsə, onlarla ünsiyyət üçün bu dillərdə bələdçilər olmalıdır. Deməli, dil üzərində turizmin, eyni zamanda iqtisadiyyat və ticarətin təsiri var. Türk dilini dünya dili halına gətirmək üçün, əlbəttə ki, əsaslarımız var. Məsələn, siz Balkanlara Ohrid gölünün sahilinə gedin, Azərbaycan türkcəsi ilə də bir-iki kəlmə söyləsəniz, həyatınızı davam etdirə bilərsəniz, qazax, qırğız, türkməncə də. Əslində, oralar III əsrdən gedən Oğuz boyları, qıpçaqlardan ibarətdir. Sonra türklər Osmanlı zamanında oraya gedərək həm də dilimizi aparıblar. Zatən o vaxtlar, Övliya Çələbi demişkən, türk dili bir dünya dili idi. Bəziləri türk dilini bir millətin dili olaraq görə bilərlər, amma türkcə əsrlərlə həm siyasət, həm ticarət, həm də bir mədəniyyət dili olub. Təbii ki, bu həm də dövlətlərin gücü ilə bağlıdır. 
   - Qeyd etdiniz ki, türk dilinin dünya dilinə çevrilməsi üçün əlinizdə əsaslar var. O zaman ortaya belə bir sual çıxır: “Türk dili ili” elan olunması nə üçün məhz bu il baş verdi?
   - Dünya hazırda savaşların, imperialist hücumların, ölüm və zülmlərin altındadır. Bütün dərd, dava enerjinin başındadır. Enerji hövzələrində öz maraqlarına görə yeni bir xəritə tərtib etmək istəyirlər. Bu gün dünyanın iqtisadi xəritəsinin əsas xətlərindən bir çoxu türk dünyasından keçir. İpək Yolu, Bakı-Ceyhan boru xətti, nəhəng enerji və nəqliyyat yolları. Bu vəziyyətdə türk dövlətlərinin bir-biriləri ilə olan münasibətləri bizi nəyə məcbur edir? Bir əlifbada, bir dildə yazıb, oxumaq. Biz Bəxtiyar Vahabzadənin dediyi kimi, bir ananın iki övladıyıq. Biz sadəcə Azərbaycanla deyil, Qazaxıstan, Özbəkistan, Türkmənistanla da eyniyik. Amma nə yazıq ki, biz bir-birimizlə bəzən tərcüməçi vasitəsilə danışırıq. Yalnız Anadolu və Azərbaycan türkləri bir-birilərini anlaya bilir.
   - Məsələnin həlli yolu nədir? Yəni sadəcə eyni əlifbaya keçmək, yoxsa başqa şərtlər də var?
   - Öncə bir-birimizi çox tanımağımız lazımdır. Bu xalqların bacarığı ilə mümkündür. Dövlət qayda-qanunlar qoyar, amma bunları xalqa qəbul etdirə bilməsəniz, uğurlu olmaz. Bunun üçün, məsələn, mən Anadolu insanına səslənirəm, Avropada - Bosniya, Kosovo, Makedoniyada soydaşlarımız üçün narahat olduğunuz kimi, dünən atalarımızın ayaq basdığı, yüz illərlə yaşadıqları yerlərlə maraqlandığınız kimi, üzünüzü ata torpaqlarına da çevirin: Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və can Azərbaycandan başlayın. O yerləri tanıyın. Bir yozqatlı, məsələn, gedib Şəkini, Bakını tanısın. İşğal altındakı Ağdamın heç olmasa bir kənarından keçsin. Şuşa, Laçın haradadır deyə, bir baxsın. Bişkeki, Almatını görsün. Əgər 83 milyon bütün bu yerləri tanıyarsa, ordakılar da gəlib buraları görürsə, biz o zaman Bəxtiyar Vahabzadənin dediyi kimi, görəcəyik ki, bir ananın iki oğluymuşuq. O zaman dil birliyimiz, əlifba birliyimiz də asan olacaq. O üzdən mən günümüzün tələbi ilə turizm deyirəm. Bir-birimizə gedib-gələk. Bu baxımdan da türk dilinin bir iqtisadi, turizm, ticarət dili halına gəlməsi çox önəmlidir. Türk dili min illərlə istifadə edilən bir dildir. Tək əlifbaya keçmək o dildə də bir olmağa gətirib çıxarır. Necə deyərlər: bərabər iqtisadiyyat, siyasət, ticarət.
   - Yalçın bəy, bu il ərzində fəxri sədri olduğunuz Yerli Düşüncə Dərnəyi Ankarada Azərbaycanla bağlı bir sıra tədbirlər keçirib. Bunlarla yanaşı, qatıldığınız digər tədbirlərdə Azərbaycan, Qarabağ məsələsini xüsusi olaraq dilə gətirirsiniz. Bu günlərdə erməni işğalçıları növbəti dəfə dinc sakinlərə hücum etdi...
   - Bütün dünyanın gözləri önündə Qarabağda bir təcavüz var. BMT hər qərarında deyir ki, orda bir təcavüz, işğal var. Amma nə yazıq ki, iş quru sözdən o yana keçmir. Bu dəfə də dünya azərbaycanlı qızcığaz Zəhranı görməzdən gəlməyə çalışdı. Necə ki, Xocalıda, Srebnitsada qətliamlara göz yummuş, bu gün Suriyadakı qırğınlara seyrçidir. Onlar ancaq özlərinə lazım olanı görürlər. Bunun üçün bizim bir, bərabər olmağımız lazımdır. Heydər Əliyev deyirdi ki, biz bir millət, iki dövlətik. Onun söylədiyi sadəcə Azərbaycan və Türkiyə üçün deyil, bütün türk dünyası üçündür. Amma bu milləti-vahidə içərisində Azərbaycanla Türkiyə əkiz qardaşdır. Ənvər paşa, Nuru paşalardan bu yana Azərbaycan tarixinə baxdığımız zaman Bakı haqq etmədiyi işğallar yaşadı. Azərbaycanda yaşayan qardaşlarımız çox ciddi zülmlərlə qarşı-qarşıya qaldı. O zaman biz Türkiyədə qardaş xalqın istiqlal bayrağının təkrar yüksəlməsini arzu edirdik. Sonunda bunu gördük. Çünki biz oraları bizdən qoparılmış qardaşlarımızın coğrafiyaları olaraq görürdük. Bu gün Ərdahan, Qars, İqdırda Azərbaycandan gələn qardaşlarımız çoxdur. Mən Ahıska türküyəm, böyüklərimiz yaşadıqları zülmü bizə danışardılar. Nənəm ocaq başında “rusun bizə etuğu”, “erməninin bizə etuğu” deyib öz şivəsi ilə danışırdı. İnanıram ki, eyni hekayəni Bakıdakı, Şəkidəki, Şuşadakı bir nənə də öz nəvəsinə anladıb. Yəni soy-kökümüz kimi, çəkdiyimiz acılar da eyni olub. Ona görə də Bakının yüksəlişini və Ankara ilə Bakının çiyin-çiyinə olmasını çox istərdim. Əgər Ankara ilə Bakı bərabərliyi belə davam edərsə, bundan bütün dünya qazanacaq. Önümüzdə türk xalqlarının böyük birlik və bərabərliyi var, bunun lokomotivi də Türkiyə və Azərbaycan olacaq. 
   
   Mehparə Sultanova
   Ankara