Parisdə fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyası 14 iyul - Fransa Respublikasının milli bayramı münasibətilə Parisdə klassik musiqi gecəsi təşkil edib.
   Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən gecəni assosiasiyanın baş katibi Mirvari Fətəliyeva açaraq ənənəvi olaraq təşkil etdikləri tədbir barədə və ifaçılar haqqında məlumat verib.
   Ölkəmizin Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Nigar Hüseynova çıxışında Fransanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu bildirib, bu iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 ilinin tamam olduğunu vurğulayıb.
   Diqqətə çatdırılıb ki, Azərbaycanın Dostları Assosiasiyası 1998-ci ildə Fransanın ölkəmizdəki ilk səfiri Jan Perenin təşəbbüsü ilə yaradılıb və bir neçə il əvvəl Jan Fransua Mansel tərəfindən qurumun fəaliyyəti yenidən canlandırılıb.
   Sonra assosiasiyanın sədri Jan-Fransua Mansel çıxış edərək Azərbaycan haqqında və ölkəmizin Fransa ilə münasibətləri barədə məlumat verib. O, 2018-ci ilin Azərbaycan üçün çox əlamətdar olacağını, müsəlman Şərqində ilk demokratik dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinin silsilə tədbirlərlə qeyd ediləcəyini diqqətə çatdırıb.
   Sonra klassik musiqi ifaçısı, Azərbaycanın Xalq artisti Fidan Hacıyevanın və istedadlı pianoçu Zülfiyyə Sadıqovanın iştirakı ilə konsert proqramı təqdim olunub. Proqramda Azərbaycan və Avropa bəstəkarlarının klassik musiqisindən nümunələr səsləndirilib.
   Gecədə Azərbaycanın Dostları Təşkilatının fəxri üzvləri, mədəniyyət xadimləri iştirak ediblər.