Azərbaycan
   
   19 iyul 1915 - Opera müğənnisi, Xalq artisti Ağababa Balağa oğlu Bünyadzadə (1915 - 17.12.1974) Bakıda anadan olub. Operalarda əsas partiyaları ifa edib: "Koroğlu" (Həsənxan), “Şahsənəm" (Xan), "Sevilya bərbəri" (Fiqaro), "Otello" (Yaqo) və s.
   19 iyul 1945 - Əməkdar incəsənət xadimi, musiqişünas, ilk azərbaycanlı qadın - violonçel ifaçısı, Bakı Musiqi Akademiyasının professoru Nəzmiyyə Müzəffər qızı Abbaszadə Naxçıvanda anadan olub. 
   
   20 iyul 1903 - Əməkdar incəsənət xadimi, teatr rejissoru Baxşı Həsən oğlu Qələndərli (1903 - 14.9.1985) anadan olub. İrəvan Azərbaycan Dram Teatrının baş rejissoru işləyib, Naxçıvan Dövlət Musiqili Dram Teatrında fəaliyyət göstərib.
   20 iyul 1948 - Xalq artisti Ramiz Əzizbəyli anadan olub. “Bağ mövsümü”, “Bəyin oğurlanması”, “Şeytan göz qabağında”, “Qəzəlxan”, “Qisas almadan ölmə...” və s. filmlərdə, televiziya tamaşalarında çəkilib. "Pirverdinin xoruzu", "Bəxt üzüyü", “Yalan” bədii filmlərinə quruluş verib. Filmlərin səsləndirilməsində iştirak edib. 
   20 iyul 1946 - Rejissor Rafiq Dadaşov anadan olub. Bir sıra filmlərin ikinci rejissoru olub: “Dantenin yubileyi”, “Yol əhvalatı”, “Qəm pəncərəsi”, “Qətl günü” və s. Sənədli filmlər çəkib.
   
   21 iyul 1938 - Yazıçı-dramaturq Marat Xanlar oğlu Haqverdiyev anadan olub. “Məhəbbət, şeytan və lambada”, “Ah, qadınlar, qadınlar”, “Qısqanc ürəklər”, “Səninlə və sənsiz”, “Amerikalı kürəkən”, “Üç dəniz əfsanəsi” və s. pyeslərin müəllifidir.
   21 iyul 1950 - Xalq artisti Məmmədbağır Bağırzadə (1950 - 30.10.2005) Bakının Nardaran kəndində doğulub. Xalq və bəstəkar mahnılarının unudulmaz ifaçısı, populyar mahnıların (“Kimlərə qaldı dünya?”, “Yadıma düşdü”) müəllifi olub.
   
   Dünya
    
   19 iyul 1938 - Gürcü müğənnisi, bəstəkar, aktyor Vaxtanq Kikabidze anadan olub. 1977-ci ildə rejissor Georgi Daneliyanın “Mimino” filmində baş rolu oynamaqla şöhrət qazanıb, SSRİ Dövlət mükafatına layiq görülüb.
   19 iyul 1893 - Rus şairi Vladimir Mayakovski (1893 - 14.4.1930) Gürcüstanın Kutaisi bölgəsinin Baqdadi kəndində doğulub. 1906-cı ildə ailəsi Moskvaya köçüb. Poemaları: “Şalvarlı duman”, “150 000 000”, “Vladimir İliç Lenin”, “Yaxşı” və s. Satirik pyesləri: “Misteriya Buff”, “Birə”, “Hamam” və s. 
   
   20 iyul 1304 - İtaliya intibahının görkəmli nümayəndəsi, şair Françesko Petrarka (Francesco Petrarca; 1304-1374) anadan olub.
   20 iyul 1656 - Avstriya memarı, arxitekturada imperiya üslubunun banisi Yohann Bernhard Fişer fon Erlax (Johann Bernhard Fischer von Erlach; 1656-1723) anadan olub.
   20 iyul 1864 - İsveç şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1931) Erik Karlfeldt (Erik Axel Karlfeldt, 1864-1931) anadan olub.
   20 iyul 1882 - Alman filosofu Nikolay Hartmann (1882-1950) anadan olub. Fəlsəfədə yeni ontologiyanın banisi sayılır.
   20 iyul 1895 - Macar və amerikan rəssamı, fotoqraf və bəstəkar, konstruktivizm cərəyanının nümayəndəsi Laslo Mohoy-Nad (Laszlo Moholy-Nagy; 1895-1946) anadan olub.
   20 iyul 1924 - Rus rejissoru, SSRİ Xalq artisti Tatyana Mixaylovna Lioznova (1924-2011) anadan olub. Filmləri: “Baharın on yeddi anı” teleserialı, “Biz, aşağıda imza edənlər”, “Karnaval” və s.
    
   21 iyul 1893 - Alman yazıçısı Hans Fallada (əsl adı Rudolf Wilhelm Friedrich Ditzen; 1893-1947) anadan olub. Əsərləri: “Anton və Herda”, “Sonra nə, balaca adam?”, “Canavarlar içində canavar” və s. 
   21 iyul 1899 - Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1954) Ernest Heminquey (Ernest Miller Hemingway; 1899 - 2.7.1961) anadan olub. Əsərləri: "Kişisiz qadınlar", "Əlvida, silah", "Əcəl zəngi kimin üçün çalınır" (roman), "Qoca və dəniz" (povest) və s.
   21 iyul 1911 - Kanada yazıçısı, filosof Marşall Maklyuen (Herbert Marshall McLuhan; 1911-1980) anadan olub. Elektron kommunikasiya vasitələrinin insan və cəmiyyətə təsirinə dair tədqiqatlarla məşhurlaşıb: “Mexaniki gəlin: sənaye insanının folkloru”, “Qutenberq qalaktikası: çapçı insanın yaranışı”.
   21 iyul 1933 - Amerika yazıçısı Con Qardner (John Champlin Gardner; 1933-1982) anadan olub. “Qrendel” romanının, yazıçılıq peşəsini öyrənənlər üçün “Ədəbiyyat sənəti” əsərinin müəllifidir.
   
   Hazırladı: Vüqar Orxan