Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Fəvvarələr meydanında “Retro Bakı” layihəsi çərçivəsində şəhər sakinlərinin həftəsonu istirahətinin maraqlı keçməsi üçün yenidən açıq hava konsertlərinə start verilib.
   İlk açılış konsertində tanınmış cazmen, Əməkdar incəsənət xadimi Cavan Zeynallı, şanson mahnıların ifaçısı Ceyhun Bakinski, estrada müğənniləri Yaqut Babayeva, Dua Murad, Gümüş, Tafur, Anar Nağılbaz, Nailə Müslümova, Səbinə Əsgərova, Mehman Tağıyev öz çıxışları ilə paytaxt sakinləri və qonaqların zövqünü oxşayıblar. Həmçinin, konsertdə milli və dünya xalqlarının rəqsləri təqdim olunub, yaradıcı gənclərin əl işlərindən ibarət rəsm sərgisi maraqla qarşılanıb.
   Qeyd edək ki, layihə şəhər sakinləri və turistlərin asudə vaxtının xoş keçməsinn təmin edilməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin bir daha geniş auditoriyaya çatdırılması, o cümlədən paytaxtın qonaqlarına tanıdılması məqsədi daşıyır. 
   “Retro Bakı” layihəsinin konsert proqramları sentyabrın 15-dək hər həftəsonu axşam saatlarında Fəvvarələr meydanında keçiriləcək.