Şamaxı Azərbaycanın ən qədim yaşayış məskənlərindəndir. Burada qədim dövrlərdə mövcud olan Şirvanşahlar və Səfəvilər dövləti, Şirvan xanlığı, eləcə də sonrakı dövrlərə aid tarixi məlumatlar həm yerli, həm də xarici turistlər üçün də maraqlıdır. Təsadüfi deyil ki, turistlərin əksəriyyəti şəhərlə tanışlığa Seyid Əzim Şirvani adına Tarix-diyarşünaslıq muzeyindən başlayır.
   1945-ci ildə ölkəşünaslıq muzeyi adı ilə təşkil olunan, 8 bölmədən ibarət bu məkan bölgələrdəki ən zəngin muzeylərimizdəndir. Muzey binası 2009-cu ildə müasir standartlar səviyyəsində əsaslı təmir olunub. Muzeydə Şirvan tarixindən bəhs edən film turistlər tərəfindən maraqla qarşılanır. Turistlər “Tarix zalı”na bu filmi izlədikdən sonra daxil olurlar. Muğam ustası Alim Qasımovun ifasında səsləndirilən “Şirvan şikəstəsi” ilə başlanan filmdə Şirvan bölgəsinin tarixi haqqında ümumi məlumat verilir.
   Turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər bu sahədə böyük potensialı olan Şamaxıya gələnlərin artmasına səbəb olur. Tarix-diyarşünaslıq muzeyinə gələn turistlərin sayı da ildən-ilə artır. 2016-cı ildə muzeyə 5810 nəfər qonaq gəlib. Bu ilin 6 ayında isə bu göstərici 3255 nəfər təşkil edib ki, onlardan 228 nəfəri əcnəbi turistlərdir.