Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllim və tələbə heyəti Macarıstanın Balaton və Vesperm şəhərlərində keçirilən “Renessans” beynəlxalq festivalları çərçivəsində “XVII Balaton-Youth-Art” festivalında iştirak edib.
   Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyeva beynəlxalq festival-müsabiqəyə münsiflər heyətinin üzvü kimi dəvət olunub. 
   Müsabiqədə kafedranın dosenti Zəhra Qarayevanın müşayiəti ilə I kurs tələbələri Pərvin Paşazadə A.Məlikovun və M.Defalyanın, Aysun Qəmbərova isə F.Əmirovun və H.Montun əsərlərini ifa edib. Festival iştirakçıları tərəfindən çıxışları maraqla qarşılanan P.Paşazadə “qızıl” və A.Qəmbərova “gümüş” sertifikatına layiq görülüb. 
   Kafedra müdiri S.Mehdiyeva münsif heyətində iştiraka və müəllim Z.Qarayeva müşayiətinə görə “Professional iş və millətlərarası dostluğun göstəricisi” qiymətləndirmə sertifikatı ilə təltif olunub.