Qəbələ şəhəri iyulun 29-dan avqustun 3-dək Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihəsi olan beynəlxalq musiqi festivalına növbəti dəfə ev sahibliyi edəcək.
   Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilərin, bədii kollektivlərin, solistlərin və dirijorların iştirak edəcəyi musiqi bayramı çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera, Dövlət Akademik Opera və Balet Teatrının simfonik, İngiltərənin Femusa kamera orkestrlərinin və digər qrupların çıxışları olacaq.
   Festivalda respublikanın tanınmış musiqiçiləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Azər Rzazadə, İsfar Sarabski, eləcə də xarici ölkələrdən Janna Qandelman (İsrail), Mixael Sladkin (ABŞ), Dmitri Yablonski (ABŞ), Canluicci Sartori (İtaliya), Mojca Zlobko Vaygl (Sloveniya), Nomeda Kazlaus (Litva) və digərləri klassik musiqisevərlər üçün əsl bayram təntənəsi yaşadacaq.
   Qəbələyə çoxsaylı yerli və xarici qonaqların gələcəyi nəzərə alınaraq rayonda geniş hazırlıq işləri görülüb. Küçələr asfaltlanıb, park və bağlarda abadlıq işləri həyata keçirilib, binaların fasadı, evlərin dam örtüyü, hasarlar müasir üslubda yenidən qurulub, gecə işıqlandırma sistemi qaydaya salınıb, şəhərdə səliqə-sahman yaradılıb.
   Şəhərin küçələrinə, İsmayıllı-Qəbələ-Şəki, Qəbələ-Ağdaş avtomobil yolunun kənarına, müxtəlif hotel və istirahət mərkəzlərinə festivalla bağlı xüsusi plakatlar qoyulub, müxtəlif broşürlər paylanılıb. Bundan əlavə, festivalın keçiriləcəyi Heydər Əliyev Konqres Mərkəzində də hazırlıq işlərinə başlanılıb. Hazırda mərkəzin qarşısındakı parkda, yəni açıq havada keçiriləcək konsertlər üçün böyük səhnə quraşdırılır.
   Qeyd edək ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2009-cu ildən başlayaraq hər il iyul və avqust aylarında Qəbələ şəhəri beynəlxalq musiqi festivalına ev sahibliyi edir. Bu il sayca 9-cu olan festival əsasən klassik musiqi sevənlər üçün nəzərdə tutulub. Bununla yanaşı, konsert proqramına uyğun olaraq, muğam və caz ifaçıları da iştirak edirlər.