Azərbaycan Milli İncəsənət Muzeyində tolerantlıq mədəniyyəti və multikultural dəyərlərin qorunması və təbliği məqsədilə “Muzeylər mədəniyyətlər arasında körpüdür” layihəsi həyata keçirilir. Layihənin ikinci buraxılışı olan “Fransız tətilləri” proqramına iyulun 22-də start verilib.
   Proqramın açılışında uşaqlar üçün dostluq və xeyirxahlıqdan bəhs edən “Bənövşə” adlı kölgə teatr tamaşası təqdim olunub. Alaqaranlıq otaqda közərən lampalarla işıqlanan səhnə və fiqurların hərəkəti ilə canlanan tamaşa yaşından asılı olmayaraq bütün uşaqları sehrli aləmə qərq edib.
   Tamaşanın ardından uşaqlar valideynlərin müşayiəti ilə ustad dərslərinə qoşulublar. Şüşə üzərində rəngarəng boyalarla işığın, kamilliyin, qələbənin rəmzi olan və fransız krallarının gücünü təcəssüm etdirən “flör de lis”- zanbaq gülünün təsviri yaradılıb. Uşaqlar rəngli makaronlardan Parisin ən tanınmış memarlıq abidəsi - Eyfel qülləsinin kiçik surətini düzəldiblər. Balacalar bərpaçı-rəssam Samir Talıbovla birgə Paris eskizlərini də yaradıblar.
   Valideynlər üçün isə Fransa və Azərbaycan mədəniyyəti arasında körpü yaradan Toğrul Nərimanbəyov yaradıcılığına həsr olunmuş “Paris xatirələri” adlı mühazirə təqdim olunub. Mühazirədə rəssamın keşməkeşli həyatı və əzmkar yaradıcılıq yolu, fərdi üslubu da vurğulanıb. Fransız ballarında kübar xanımların gizli silahına çevrilən “yelpik dili” jestlərinin prezentasiyası da valideynlər üçün maraqlı olub.
   Xatırladaq ki, cari ilin fevral ayında Milli İncəsənət Muzeyində layihənin ilk buraxılışı qışın sona yetməsinin və yazın gəlişinin rəmzi olan qədim slavyan bayramına - Maslenitsaya həsr olunmuşdu.