İyulun 25-də Mərakeş Krallığının ölkəmizdəki səfiri Məhəmməd Adil Embarş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. Görüşdə Azərbaycanla ərəb dünyası arasında müxtəlif sahələrdə qurulan əlaqələrdən söz açılıb.
   Məhəmməd Adil Embarş Tərcümə Mərkəzinin fəaliyyətini təqdirlə qarşıladığını deyib. Diplomat ədəbiyyatın xalqlar arasında dostluğun və qarşılıqlı anlaşmanın ən qısa və etibarlı körpüsü olduğunu vurğulayıb: “Səfirlik olaraq bu istiqamətdə Tərcümə Mərkəzi ilə əməkdaşlığa hazırıq. Mərakeşlə Azərbaycan çox oxşar ölkələrdir. Bizim ölkəmiz də Azərbaycan kimi bütün mədəniyyətlərə açıqdır. Düşünürəm ki, ölkələrimizdə bir-birinə böyük maraq var və ərsəyə gətiriləcək nəşrlər hər iki ölkənin ədəbi-mədəni həyatına dəyərli töhfələr verəcək”.
   Görüşün sonunda qonağa Tərcümə Mərkəzinin nəşrlərindən olan ərəb dilində “Azərbaycan xalqının tarixi və ya tərcümeyi-halı”, “Azərbaycan-ərəb dili danışıq kitabçası” və digər kitablar hədiyyə edilib.