İyulun 21-də Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da “Günlərdən şeir” adlı layihəin növbəti tədbiri keçirildi. Layihə Mədəniyyət və Turizm Nazirliyi, İLESAM təşkilatının (Türkiyə) Azərbaycan nümayəndəliyi, Azərbaycan Milli Kitabxanası və Yazıçılar Birliyi Müşfiq komissiyasının birgə təşkilatçılığı ilə reallaşdırılır.
   Budəfəki tədbirin qonağı kərküklü şair Fərrux Köprülü və Kərkükdən gəlmiş qələm adamları idi. 
   Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova açaraq qonaqları salamladı, kitabxananın fəaliyyəti haqqında məlumat verdi. 
   Sonra söz professor, tanınmış ədəbiyyatşünas və folklorşünas alim Qəzənfər Paşayevə verildi. O, ömrünün 50 ilini İraq-Kərkük türkmənlərinin tarixi, mədəniyyəti, ədəbiyyatını öyrənməyə həsr etdiyini diqqətə çatdırdı. Bildirdi ki, xalqlar arasında ədəbi əlaqələr daim inkişafdadır. Bu günə kimi 12 kərküklü şair Azərbaycan Yazıçılar Birliyinə üzv olub. Azərbaycanda sərbəst şeirin yaradıcısı Xalq şairi Rəsul Rzanın da türkmən bayatılarını sevdiyini qeyd edən professor bayatılardan nümunələr səsləndirdi. 
   Daha sonra tədbirin qonaqlarından Türkmən Ədəbiyyatçılar Birliyinin qurucusu, şair Fərrux Köprülü çıxış etdi. O, özü haqda qısa məlumat verdi, Azərbaycana olan böyük sevgisindən danışdı, ölkəmizə həsr etdiyi şeirlərindən bir neçəsini söylədi.
   Tədbirin davamında Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza qonaqları Azərbaycanda görməyindən məmnunluğunu dilə gətirdi, bu görüşün oxucular üçün də xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq növbəti silsilə şeir günlərinin keçiriləcəyini bildirdi. 
   Sonda kərküklü şairlərin imzalı kitabları Milli Kitabxanaya və oxuculara təqdim edildi. Milli Kitabxana adından qonaqlara Azərbaycandan hədiyyə olaraq tariximizi və mədəniyyətimizi əks etdirən kitablar hədiyyə olundu.
   
   Lalə Azəri