Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı qısametrajlı sənədli filmlər üçün “Zaman və məkan” adlı ssenari müsabiqəsi elan edib.
   İttifaqdan bildirilib ki, müsabiqə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir, yeni nəfəs gətirmək məqsədilə keçirilir. Müsabiqəyə 20 səhifədən çox olmamaq şərtilə sənədli filmlər üçün ssenarilər qəbul olunur. Yaşı 35-ə qədər olan şəxslər müsabiqədə iştirak edə bilər. Hər müəllif üç ssenaridən artıq təqdim edə bilməz.
   Ssenarilər oktyabrın 31-dək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına təqdim olunmalıdır. 
   Münsiflər heyəti məxfi seçim nəticəsində üç ssenarini qalib elan edəcək. Qalib ssenarilərin müəllifi pul mükafatı (birinci, ikinci və üçüncü yerlərə müvafiq olaraq 1500, 1000 və 500 manat) və diplomla təltif olunacaq. Müsabiqənin nəticələri 2017-ci ilin noyabr ayında açıqlanacaq.