Bərdə rayon Mərkəzi kitabxanasında Milli mətbuat günü münasibətilə "Kitabın təbliğində kütləvi informasiya vasitələrinin rolu" mövzusunda dəyirmi masa keçirilib.
   MKS-nin direktoru Havva Mirzəyeva milli mətbuatımızın tarixi barədə məlumat verib. Qeyd olunub ki, bu gün kütləvi informasiya vasitələri milli-mənəvi dəyərlərimizin təbliğində, eləcə də kitaba marağın, mütaliənin təşviqində mühüm rol oynayır.
   * * *
   Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Şirvan şəhər MKS-də "Şah İsmayıl Xətainin lirikası" mövzusunda ədəbi-bədii gecə keçirilib. 
   Hökmdar-şairin anadan olmasının 530 illiyi münasibətilə təşkil olunan tədbiri giriş sözü ilə MKS-nin direktoru İltifat Nəbiyev açıb. Kitabxananın əməkdaşları Əsmər Mirzəyeva, Mehriban Novruzova, 16 saylı tam orta məktəbin ədəbiyyat müəllimi, filologiya üzrə fəlsəfə doktoru Şəhla Məcidova çıxış edərək Şah İsmayıl Xətainin (1487-1524) həyat və yaradıcılığından danışıblar. 
   Şəhər 18 saylı tam orta məktəbin şagirdləri şairin qəzəllərini oxuyublar. Sonda "Şah İsmayıl Xətainin vəsiyyəti" adlı videoçarx nümayiş olunub. 
   * * *
   Astara rayon Mərkəzi kitabxanası iyulun 24-də Heydər Əliyev adına parkda səyyar kitabxana xidməti təşkil edib. Məqsəd kitabxanalara daha çox oxucu cəlb etmək, onların kitaba, ədəbiyyata marağını artırmaq, yeni nəşr olunan əsərlərlə əhalini tanış etməkdir. Nümayiş edilən nəşrlər müxtəlif yaş təbəqələrindən olan insanlar tərəfindən maraqla qarşılanıb.
   Mərkəzi kitabxananın keçirdiyi “mütaliə həftəsi” də əhalinin kitaba marağını artırmaq məqsədi daşıyır. Həftə ərzində ölkə Prezidentinin sərəncamı əsasında latın qrafikası ilə nəşr olunmuş kitablar, yerli yazarların kitabları və uşaq ədəbiyyatı nümayiş etdirilib. 
   * * *
   Ağdaş rayon Mərkəzi kitabxananın oxu zalında Mirzə Ələkbər Sabirin (1862-1911) 155 illiyi ilə əlaqədar dəyirmi masa keçirilib. 
   MKS-nin direktoru Seyfəddin Feyzullayev, MKS-nin Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı Könül Musayeva, kitabxanaçı Aynurə Çələbiyeva, 65 saylı şəhər kitabxanasının əməkdaşı Səbinə Lətifova və digər çıxış edənlər şairin yaradıcılığından söz açıblar. Bildirilib ki, Sabirin şeirlərindəki mənəvi ruh, güclü pafos, xalqın haqq səsi idi və indi də öz kəsərini itirməyib. 
   Sonda uşaqlar şairin şeirlərini söyləyiblər və videoçarx nümayiş etdirilib.
   * * *
   Qax rayon MKS-nin 4 saylı Ağçay kənd kitabxanası turizm obyektlərində istirahət edən qonaqlara “səyyar kitabxana" xidməti təşkil edib. 
   Ağacların kölgəsində gün ərzində fəaliyyət göstərən mütaliə guşəsi qonaqlar tərəfindən maraqla qarşılanıb. Mütaliə ilə məşğul olmaq istəyən hər bir oxucu günün istənilən vaxtında bu guşəyə çəkilərək rahatlıqla kitablarla baş-başa qala bilir. 
   Tədbir çərçivəsində stolüstü oyunlar da keçirilib. Səyyar xidmət turistlər və yerli kitabsevərlərin ürəyincə olub.