Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Qubadlı rayon Fəxrəddin Hüseynov adına Mahmudlu kənd musiqi məktəbinin 3-cü sinif şagirdi Əminə Yaqut Nəsirli Gürcüstanın Borjomi şəhərində keçirilmiş “Harmoniya Borjomi 2017” Beynəlxalq musiqi festivalında laureat adını qazanıb. Balaca pianoçu festivalda bəstəkarlar Edvard Qriqin “Yolster rəqsi” və Azər Dadaşovun “Məzəli rəqs” əsərlərini ifa edib.
   Pianoçunun müəllimi İradə Abdullayeva təəssüratlarını bölüşərək deyib: “İnanırdım ki, şagirdlərimiz gözəl nəticələr göstərəcəklər. Xüsusən, Əminə Yaqutun çıxışı çox uğurlu alındı. Şadam ki, çəkdiyimiz əziyyətlər yerdə qalmadı”.
   Festivalda Azərbaycan, Türkiyə, ABŞ, Qazaxıstan və digər ölkələrin nümayəndələri iştirak ediblər. Azərbaycanın müxtəlif musiqi məktəblərinin şagirdləri festivalda fəal çıxış edərək fərqli nominasiyalar üzrə fərqləniblər.