Bu il universitetin nəzdində yaradılan Şahdağ Regional Turizm Peşə Məktəbində beş ixtisas üzrə 250 şagird təhsil alacaq 
   
   Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elmi Şuranın 2016/2017-ci tədris ilinin yekunlarına və 2017/2018-ci tədris ilinə hazırlığın vəziyyətinə həsr edilən yekun iclası olub. 
   ATMU-da rektor səlahiyyətlərini icra edən Eldar Aslanov qeyd edib ki, son illər ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan turizm sənayesində uğurla həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bu sahənin inkişafı üçün münbit şərait yaradılıb və milli turizm kompleksinin rəqabətə davamlılığı nəzərəçarpacaq dərəcədə yüksəldilib. Ölkə Prezidentinin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli sərəncamı və Nazirlər Kabinetinin 2016-cı il 9 sentyabr tarixli qərarında turizm və rekreasiya zonalarında ATMU-nun nəzdində turizm üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinin yaradılması məqsədilə müvafiq torpaq sahəsinin və əmlakının ayrılması üzrə tədbirlərin görülməsi nəzərdə tutulub.
   Bu sənədlərin icrasına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin ərazisindəki “Zirvə” hotelinin bazasında ATMU-nun nəzdində yaradılan Şahdağ Regional Turizm Peşə Məktəbinə 2017/2018-ci tədris ili üzrə ilk şagird qəbulu prosesinə başlanılıb. Bu məktəbdə mehmanxana qeydiyyatçısı, ofisiant-barmen, dağ-xizək turizm növü üzrə təlimatçı, qənnadıçı-şirniyyatçı və təmizlik departamentinin işçisi ixtisasları üzrə 250 şagird təhsil alacaq. 
   E.Aslanov bildirib ki, 2011/2012-ci tədris ilindən ATMU-da doktorant/dissertant hazırlığına başlanılıb və ötən müddətdə 53 nəfər doktorant-dissertantdan 5 nəfəri elmi işini uğurla müdafiə edib. Daha 8 nəfər doktorant-dissertantı elmi müzakirələrdən uğurla keçərək, müdafiəyə buraxılıb. 
   ATMU-nun inkişaf üzrə prorektoru, professor İranə Əliyeva, Keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa və müvafiq struktur rəhbərləri tədris ilinin yekunları ilə bağlı çıxışlarında qeyd ediblər ki, universitetdə yekun dövlət imtahanı, buraxılış işlərinin və magistr dissertasiyalarının müdafiəsi başa çatdırılıb. 2010-cu ildən 2017-ci ilədək universiteti 2 min 111 nəfər (onlardan 143 nəfəri magistr pilləsini) bitirib. Bu il ali təhsil müəssisəsində 11 ixtisas üzrə 297 nəfər bakalavr pilləsinin məzunu adını qazanıb, 36 nəfər magistr pilləsi üzrə məzun olub. Son 10 il ərzində 171 nəfər məzun həm milli, həm də Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) çərçivəsində ikili diplom qazanıb.
   Bu il bakalavr pilləsini bitirən 297 nəfərdən 74-ü xarici ölkələrin və Azərbaycanın universitetlərində müvafiq ixtisaslar üzrə magistr pilləsində təhsil alacaq. 
    “Azərbaycan Turizm və Menecment Universiteti tələbələrinin təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycan Turizm və Menecment Universitetində təhsil almaları haqqında” Əsasnamə və müvafiq qəbul komissiyasının tərkibi təsdiq edilib.