Yay mövsümünün başlanması ilə əlaqədar əhalinin istirahət mərkəzlərinə kütləvi axını bir sıra mallara və xidmətlərə olan tələbatın xeyli artmasına səbəb olub. Aparılan müşahidələr göstərir ki, bəzi təsərrüfat subyektləri göstərilən xidmətlərin qiymətləri barədə məlumat verməmək, aldadıcı reklamlardan istifadə etmək və s. kimi qanun pozuntularına yol verməklə hələ də istehlakçıların hüquqlarını pozur. Bütün bunlar isə istehlakçıların haqlı narazılığına səbəb olur.
   "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, ölkə ərazisində istehlakçıların almaq istədikləri malları və xidmətləri, onların istehsalçısını, satıcısını, icraçısını sərbəst seçmək, keyfiyyətli və təhlükəsiz mallar və xidmətlər əldə etmək, mallar və xidmətlər barədə dolğun və düzgün məlumat almaq və s. hüquqları var.
   İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən bildiriblər ki, qeyd olunanları nəzərə alaraq istirahət mərkəzlərində xidmətlərin göstərilməsi zamanı sahibkarlıq subyektləri zəruri tələblərə əməl etməlidirlər. Belə ki, hər bir obyekt sahibi təşkilatının adı, yerləşdiyi ünvanı, iş rejimi, təklif olunan xidmətlər barədə zəruri informasiyanı istehlakçılara çatdırmağa, göstərilən xidmətləri düzgün seçə bilməsi üçün istehlakçının tələbi ilə ona xidmətlərin siyahısı və icra şərtləri, xidmətlərin qiymətləri və ödəniş şərtləri barədə məlumat verməyə borcludur. Gecələmə yerlərinin tipi (növü), dərəcəsi (kateqoriyası) və s. barədə də istehlakçılara əvvəlcədən məlumat verilməlidir.
   Eyni zamanda obyekt sahibi hesablaşmalar zamanı istehlakçıya ödənişi təsdiq edən (nəzarət-kassa aparatının çeki, qaimə, qəbz) sənədlər verməli, malların və xidmətlərin dəyərini manatla göstərməli, malların və xidmətlərin dəyərinin POS-terminallar vasitəsilə ödənilməsinə şərait yaratmalıdır.
   Qeyd edilənlərlə yanaşı, bu tip obyektlərdə ictimai iaşə xidmətlərinin göstərilməsi zamanı da bir sıra tələblərə əməl edilməli, o cümlədən xidmət göstərilməsinə başlanılmazdan əvvəl istehlakçılara menyu təqdim olunmalı, menyuda hər bir xörəyin tərkibi, miqdarı və qiyməti göstərilməlidir. İstehlakçı ona təklif olunan iaşə məhsullarının əsas istehlak xassələri, keyfiyyəti, həmçinin xörəklərin hazırlanma texnologiyası barədə əlavə məlumatlar almaq istədikdə, ona bu məlumatların verilməsi təmin edilməlidir. Hesablaşmalar zamanı istehlakçıya nəzarət-kassa aparatının çeki ilə yanaşı, göstərilmiş ictimai iaşə xidmətinin dəyərini (çekdəki məbləği) təsdiq edən və xidmətin tərkibinə daxil olan yemək və məhsulların adları göstərilmiş hesab təqdim olunmalıdır.