İyulun 19-da Ukraynada, Odessa Beynəlxalq film festivalı çərçivəsində Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” Proqramına aid ölkələrin kino təmsilçilərinin iştirakı ilə panel müzakirəsi keçirilib. 
   Almaniya Xarici İşlər Nazirliyinin dəstəyi, Cottbus Beynəlxalq film festivalının təşkilatçılığı ilə keçirilən görüşə Ukrayna, Azərbaycan, Gürcüstan, Moldova və Belarusun beynəlxalq kino fəaliyyəti ilə məşğul olan nümayəndələri qatılıb. Tədbirdə “Azərbaycanfilm” kinostudiyasının əməkdaşı Səmayə Əsgərova iştirak edib. Müzakirələrin moderatoru Cottbus film festivalının proqram direktoru Bernd Buder olub.
   Səmayə Əsgərova beynəlxalq film festivallarının mədəniyyətlərarası dialoqun formalaşmasında rolu və Azərbaycanın bu prosesdə iştirakından bəhs edib. Moderator B.Buder iştirakçılara bildirib ki, son illər Azərbaycan istehsalı olan filmlər beynəlxalq film festivallarında fəal iştirak edirlər. S.Əsgərova Azərbaycanda kino istehsalının müasir durumu, dövlətin bu sahəyə dəstəyi, kino sənayesinin inkişaf strategiyası, gələcək planlar, həmçinin ölkədə sürətlə inkişaf edən kinoteatr və yerli kino bazarı haqqında iştirakçılara ətraflı məlumat verib.