Özbəkistanlı tanınmış şairə-tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Şaxlo Kasimova bu günlərdə Sumqayıt şəhərinin qonağı olub. O, sumqayıtlı yazıçı Süleyman Hüseynovun "And" sənədli romanının rusca nəşrinin təqdimat mərasimində iştirak edib. Qarabağ hadisələrindən bəhs edən kitabı rus dilinə Şaxlo Kasimova çevirib.
   Sumqayıt Poeziya evində qonağın şair və yazarlar, şəhərin ziyalıları ilə görüşü keçirilib. Görüşdə qeyd olunub ki, bu, özbəkistanlı şairə-tərcüməçinin Sumqayıta ikinci gəlişidir. 
   Poeziya evinin direktoru İbrahim İlyaslı çıxış edərək Şaxlo Kasimovanın son illərdə Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin genişləndirilməsində xüsusi rolundan, Azərbaycan və rus dillərini mükəmməl bilməsindən, respublikamızın şair və yazıçılarının əsərlərini özbək və rus dillərinə tərcüməsi, Özbəkistanın qəzet və jurnallarında, həmçinin ayrıca almanax şəklində çap edilməsi sahəsində xidmətlərindən söhbət açıb.
   Şairlərdən Əkbər Qoşalı, Əli Nəcəfxanlı, Almaz Bəyazid, tanınmış jurnalistlər Eyruz Məmmədov, Zümrüd Baloğlanova, Aida Eyvazlı, "And" romanının rus dilində nəşrinin redaktoru Suliko Daqarquliya, S.Vurğun adına şəhər Mərkəzi kitabxanasının direktoru Yeganə Əhmədova, romanın müəllifi Süleyman Hüseynov və digərləri çıxış ediblər. Əsərin rus dilinə peşəkarlıqla tərcümə edildiyi vurğulanıb.
   Görüşdə Şaxlo Kasimovanı Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçildiyi diqqətə çatdırılıb, qurumun üzvlük bileti qonağa təqdim edilib. O, əməyinin yüksək dəyərləndirilməsinə, Azərbaycanda, o cümlədən Sumqayıtda ona göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirib. 
   Görüşdən xatirə şəkilləri çəkildikdən sonra Şaxlo Kasimova şəhərin görməli yerləri, Sumqayıt bulvarı ilə tanış olub.
   
   Rəhman Orxan